Azərbaycanın Almaniyadakı Səfirliyi dekabrın 6-da Berlində görkəmli bəstəkar, UNESCO-nun “Sülh artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə konsert təşkil edib. Tədbirə yubilyar özü də qatılıb.

Səfirlikdən bildirilib ki, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Firəngiz Əlizadə haqqında film nümayiş olunub.

Firəngiz Əlizadənin həyat və yaradıcılığından söhbət açılıb. Qeyd edilib ki, gənc yaşlarından musiqi əsərlərinin müəllifi olan bəstəkar beynəlxalq səviyyədə uğurlara imza atıb. Onun əsərləri dünyanın bir çox tanınmış musiqiçiləri və orkestrləri tərəfindən ifa olunur. Bəstəkar Azərbaycan və xaricdə pedaqoji fəaliyyətlə də məşğul olur və çoxlu sayda musiqiçilərin yetişməsində əməyi var.

Sonra Azərbaycandan gələn musiqiçilərin ifasında Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert təqdim olunub. Bəstəkarın “Rəqs”, “Dastan”, “İmpuls”, “Muğamsayağı” və digər əsərləri böyük maraqla dinlənilib.