Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunan musiqi axşamı

 

Görkəmli müğənni, pedaqoq, Xalq artisti Şövkət Ələkbərovanın (1922-1993) 100 illik yubileyi mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd olunur.

Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində unudulmaz müğənninin yubileyinə həsr olunan konsert keçirildi.

Konsertdən öncə Şövkət Ələkbərovanın gəlini, Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Gülnarə Səfərova qəzetimizə açıqlamasında gənc nəslin  Şövkət xanımın repertuarına müraciət etməsinin böyük məmnunluq doğurduğunu bildirdi: “Şövkət Ələkbərovanın yaradıcılığına nəzər yetirsək görərik ki, o, vətənpərvər ruhlu mahnılar da ifa edib. Çox xoşbəxtəm ki, bugünkü konsertdə həmin mahnılar yenidən ifa olunacaq”.

Gecədə əvvəlcə Şövkət Ələkbərovanın ifasında “Şən Azərbaycan” mahnısının lent yazısı nümayiş olundu. Sonra Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin şagirdləri Ümidvar İsmayılov C.Cahangirovun “Cənnətim Qarabağ”, Kənan Sultanov isə T.Quliyevin “Azərbaycan” mahnılarını ifa etdilər.

Əməkdar artistlər Zakir Əliyev, Nurlan Növrəsli, Nuriyyə Hüseynova, ifaçılar Nurlana Abdullayeva, Nurlan Əzizbəyli, Taleh Yahyayev, Nigar Cəlilova, Nəsimi Məmmədov, Aynur İsgəndərli, Vəfa Cəfərova, Cəlal Kərimov, Vəfa Vəzirova, Samir Piriyev, Talıb İsgəndərli, Aişən Eminli, həmçinin xanəndələr Kamilə Nəbiyeva, Rəvanə Qurbanova və Səbinə Ərəblinin ifasında musiqi nömrələri təqdim olundu.

Proqramda T.Quliyevin “İlk bahar”, “Axşam mahnısı”, “Gül oğlum”, “Sən mənimsən, mən sənin”, E.İbrahimovanın “Mən sənin yanına qışda gəlirdim”, T.Əhmədovun “Güldür məni”, E.Sabitoğlunun “Ağ çiçəyim”, “Dərələr”, “Azərbaycan”, H.Xanməmmədovun “Gözünə qurban”, R.Mirişlinin “Bir könül sındırmışam”, “Sənin vüqarın mənəm”, N.Qəmərlinskinin “Yavaş-yavaş”, C.Cahangirovun “Ana yurdum” və Qəmbər Hüseynlinin “Qoy dolanım başına mən” və s. mahnılar yer almışdı.

İfaçıları F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti (musiqi rəhbəri: Mahir Ordubadi) müşayiət edirdi. Bütün çıxışlar alqışlarla qarşılandı. Səsləndirilən nəğmələr Şövkət Ələkbərovanın bənzərsiz sənətinə və əziz xatirəsinə ehtiramın ifadəsi idi.

Nurəddin