Sara Qədimovanın 100 illiyi münasibətilə tədbir keçirildi
Muğam ifaçılığı sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Sara Qədimovanın (1922-2005) anadan olmasının 100 illiyi müxtəlif tədbirlərlə qeyd olunur.
Unudulmaz xanəndənin yubileyinə həsr olunan daha bir tədbir dekabrın 8-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirildi.
Muzeyin direktor müavini Təranə Zeynalova tədbiri açaraq sənətkarın həyat və sənət yolundan danışdı. Qeyd etdi ki, Sara Qədimova 31 may 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıq illəri Qarabağda, Ağdam rayonunun Gülablı kəndində keçir. Həmin vaxtlar Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarlar tez-tez bu kəndə gəlir, yerli xanəndələrlə məclislər qururdular. Belə bir zəngin mədəni mühit gənc Saranın dünyagörüşünə təsir göstərir, onda musiqiyə böyük həvəs yaradır.
Bildirildi ki, 1941-ci ildə Üzeyir Hacıbəylinin təklifi ilə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna qəbul olunan Sara Qədimova burada Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alır. Bir müddət sonra Azərbaycan Dövlət Filarmoniyasında solist kimi işə qəbul edilir. İkinci Dünya müharibəsi illərində müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı” mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilir.
Sara Qədimova Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxışlar edib, yaratdığı Leyli və Əsli obrazları ilə daha çox yadda qalıb. Oxuduğu “Bayatı-Şiraz”, “Şur”, “Şahnaz”, “Qatar”, “Mahur-hindi”, “Xaric segah” muğamları, xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.
Xalq artisti, tarzən Ramiz Quliyev çıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini bölüşdü. Dedi ki, dünyanın 22 ölkəsində konsert proqramları ilə çıxış edən Sara Qədimova Rəşid Behbudovdan sonra keçən əsrin 50-70-ci illərində Azərbaycan musiqisini xarici ölkələrdə ən çox təmsil edən sənətkar olub. Səsi-avazı dünyanın dörd bir tərəfindən gələn Sara xanımın 1963-cü ildə İndoneziyada verdiyi konsertlər dillərdə dastana çevrilib. O zaman SSRİ-nin ilk kosmonavt qadını Valentina Tereşkova və SSRİ mədəniyyət naziri Y.Furtseva həmin konsertlərin birində iştirak ediblər.
Tədbirdə daha sonra Əməkdar mədəniyyət işçisi, yazıçı, publisist Mustafa Çəmənli, Əməkdar artist, kamança ifaçısı Mirnazim Əsədullayev çıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini dilə gətirdilər. Bildirildi ki, xalq musiqisinin incəliklərini dərindən bilən Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirib.
Çıxışlardan sonra rəngarəng musiqi proqramı təqdim edildi. Muzeyin Qədim musiqi alətləri ansamblının (bədii rəhbər: Xalq artisti Munis Şərifov) müşayiəti ilə Xalq artisti Teyyub Aslan, Əməkdar artist Nuriyyə Hüseynova və Milli Konservatoriyanın müəllimi, Muğam müsabiqəsinin laureatı Zabitə Alıyeva Sara Qədimovanın vaxtilə repertuarında geniş yer tutmuş mahnı və təsnifləri səsləndiriblər. Xanəndələrin çıxışları muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Sara Qədimova – 100” slayd-şousu ilə müşayiət olunurdu.
S.Fərəcov