Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikası və Serbiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş konsert keçirilib. Konsert “Madlenianum” opera teatrında təşkil olunub.
Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev çıxış edərək iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişaf etdiyini bildirib. Qeyd edib ki, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət və dəstək iki ölkə arasında strateji tərəfdaşlığın təməl prinsipini təşkil edir. Serbiya Avropa qitəsində Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Azərbaycan Prezidenti İlham Əliyevin noyabr ayında Serbiyaya rəsmi səfəri ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına böyük töhfə verib, mədəni əlaqələr yüksələn xətlə inkişaf edir. Səfir ölkələrimiz arasında vizasız gediş-gəliş haqqında sazişin tezliklə qüvvəyə minməsinin turizmi və işgüzar əlaqələri gücləndirəcəyini vurğulayıb.
Serbiya xarici işlər nazirinin müavini Vladimir Mariç ölkələrimiz arasında strateji tərəfdaşlıqdan qürur duyduqlarını bildirib. Vurğulayıb ki, Azərbaycan Prezidentinin bir neçə həftə əvvəl Serbiyaya rəsmi səfəri bu ilin ən mühüm ikitərəfli səfərlərindən biridir. Bu səfər çərçivəsində yeddi ikitərəfli saziş, Serbiya və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında memorandum imzalanıb.
Konsertdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri – Əməkdar artistlər Elnur Süleymanov və Günel Allahyarova, beynəlxalq müsabiqələr laureatı pianoçu Fəqan Həsənli çıxış ediblər.
Konsertdə Serbiyanın məşhur vokalçısı, Belqrad Milli Operası Teatrının bədii rəhbəri Jasmina Trumbetaş, skripkaçı Marko Yosifoski, pianoçu Mina Ristiç və dirijor Dzordze Stankoviçin idarəsi ilə “BRAS Belqrad” musiqi ansamblı da iştirak edib.
Səhnə fonunda Azərbaycanın mədəni irsi, Qarabağın, Şuşanın, paytaxt Bakının fotogörüntülərinin nümayişi qonaqların marağına səbəb olub. Elnur Süleymanov və Günel Allahyarovanın ifasında “Uzundərə” və “Naz eləmə” rəqsləri alqışla qarşılanıb, xüsusilə G.Allahyarovanın təqdimatında “Sarı gəlin” rəqsini tədbir iştirakçıları heyranlıqla izləyiblər.
Tədbirdə Serbiyanın rəsmiləri, deputatlar, elm, incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət Palatası və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.