“Astana Opera”nın Bakıya qastrolu

 

Ulu türk yurdu, qardaş Qazaxıstanın klassik musiqi ulduzları küləkli Bakıda əsl sənət rüzgarı əsdirib, ən müxtəlif zövqlərdəki musiqisevərləri xəyalən qumlu qazax yurdlarına – atçapan, bac alan, bir əlində qılınc, bir əlində dombra ulusa xaqanlıq edən qəhrəmanların dünyasına apara bildilər. “Astana Opera”nın heyəti bizi qazax xalqının həyatından sənətinə qüdrət və möhtəşəmliyinə heyran qoydu.

Bu il Qazaxıstan Respublikası ilə ölkəmiz arasındakı diplomatik əlaqələrin yaranmasının 30 illiyidir. Soy-kök etibarilə onsuz da bir-birinə sıx bağlı olan iki xalqın müstəqil dövlətlər olaraq əlaqələri bütün sahələrdə özünün ən yaxşı mərhələsini yaşayır. Xalqlarımızı bir hissə, bir duyğuya kökləyən sənət, musiqi bu mənada daim ön planda gəlir.

İstər Qazaxıstanda Azərbaycana, istərsə də ölkəmizdə qazax xalqına və incəsənətinə daim böyük maraq və sevgi olub. Dekabrın 13-də 140 nəfərlik heyətlə Bakıya gələn məşhur “Astana Opera” Teatrının orkestr və solistlərinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bənzərsiz qala-konsertini izləyənlər iki xalqın bir-birinə xoş münasibətinə şahid oldular.

Ölkəmizə, mədəniyyətimizə sevgiləri gözlərindən oxunan qazaxıstanlı klassik musiqi təmsilçiləri də bu mənzərədən məmnun idilər. Bu hissi konsert öncəsi mətbuat konfransında dönə-dönə qeyd edən sənətçilər belə səfərlərin təşkilinin mübadilə üçün önəmini bildirdilər.

Azərbaycan musiqisinin zənginliyinə, sənət xadimlərinin böyük istedad və peşəkarlığına diqqət çəkən, tamaşaçılarımızın zövq və tələbkarlığına bələd olduqlarını deyən ifaçılar onların qarşısında çıxışı həyəcanla və böyük sevgi ilə gözlədiklərini diqqətə çatdırdılar.

Teatr orkestrinin dirijoru Əməkdar artist Ruslan Baymurzin ilk olaraq Bakıya və bakılılara heyranlığını dilə gətirdi. Pandemiyadan sonra belə böyük heyətlə məhz Azərbaycana səfər etdiklərini vurğulayan musiqi rəhbəri maraqlı, rəngarəng proqramlarından bəhs etdi. Bildirdi ki, proqrama daha çox qazax bəstəkarlıq məktəbi yetirmələrinin klassik nümunələrini, xüsusən də solo ifaçı kimi dombra aləti üçün yazılmış əsəri daxil ediblər: “Proqramda məşhur dünya bəstəkarlarının da əsərlərinə yer verilib. Orkestrin Bakı konsertinə salınmasa da, Azərbaycan bəstəkarlarından daha çox Fikrət Əmirovun əsərlərini ifa edirik. Onun musiqisində dərin bir zəriflik, əzəmət və doğmalıq var”.

Qonaq teatrın solistləri – Qazaxıstanın tanınmış vokalçıları, Əməkdar artistlər Güldanə Aldadaşova, Saltanat Muradbekova, Medet Çotobayev və başqaları da Bakıda isti qarşılanmadan, qədim və müasir şəhərimizdən məmnunluqla söz açdılar. Bildirildi ki, Azərbaycanda keçirilən musiqi festivalları, vokalçılar arasında ənənəvi müsabiqələr barədə məlumatlıdırlar.

Tamaşaçıların sevgi və alqışlarını səxavətlə pay verdikləri möhtəşəm konsertdən öncə səhnəyə çıxan Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov iki ölkə arasındakı diplomatik əlaqələrdən danışdı. Qastrolun da diplomatik münasibətlərimizin 30 illiyi münasibətilə reallaşdığını bildirdi.

Diplomat “Astana Opera”nın Azərbaycana qastrol səfərini mədəniyyət sahəsindəki sıx əməkdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirdi. O, konsert proqramının təşkilinə görə iki ölkənin mədəniyyət nazirliklərinə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və “Astana Opera”nın rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirdi.

Rəngarəng və dolğun proqramlı konsertdə Qazaxıstanın Əməkdar artisti Ruslan Baymurzinin dirijorluğu ilə sənətçilər Qazaxıstan və Qərbi Avropa bəstəkarlarının əsərlərini səsləndirdilər.

Qazaxıstan bəstəkarlarının əsərlərindən (Əhməd Jubanov və Lətif Həmidinin “Abay”, Sıdık Muhammadjanov və Kavatina Sərkənin “Aysulu” operalarından ariyalar) seçdikləri parçalar, həmçinin milli musiqi alətləri olan dombra üçün yazılmış əsərlərdən hissələr maraqla qarşılandı.

Proqrama həmçinin Avropa və Rusiya bəstəkarlarının məşhur musiqi əsərlərindən parçalara da yer verilmişdi. İstər milli, istərsə də dünya bəstəkarlarının əsərlərindən seçilən nümunələr fərqli səs tembri və texnikasına malik qazax solistlər – Qazaxıstanın Əməkdar artistləri Azamat Jeltırquzov, Jupar Qabdullina, Saltanat Axmetova, Bibigul Januzak, Medet Çotabayev, həmçinin Saltanat Muratbekova, Sayan İsin, Talqat Qaleyev, Şınqıs Rasılxan, Guldana Aldadosovanın təqdimatında maraqlı ahəng yaratdı.

Qazax xalqının qəhrəmanlıq, sevgi və mübarizə ruhunu özündə əks etdirən musiqi əsərləri – Mukan Tulebayevin “Birjan-Sara” operasından deyişmələr, Axmet Jubanovun “Abay” operasından Aydarın ariyası, Nurqisə Tlandiyevin “Əlkisa” operasından parçalar alqışlarla qarşılandı.

Qeyd edək ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılan “Astana Opera” Dövlət Opera və Balet Teatrı 2013-cü ildə fəaliyyətə başlayıb. “Astana Opera” möhtəşəm binası, opera və balet truppaları ilə Mərkəzi Asiyanın ən böyük teatrıdır.

Həmidə Nizamiqızı