Nahid Bağırov: «Vətəndaşları aldadan şirkətlərə qarşı lazımi ölçü götürüləcək»
   
   Ölkəmizdə yay turizm mövsümü başlamaq üzrədir. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da turizm sektorunun təmsilçiləri mövsümə hazırlıq görürlər.
   

   Şirkətlər müxtəlif ölkələrə, xüsusilə də Türkiyəyə yay istirahəti həvəskarları üçün yerləri bronlaşdırmağa başlayıblar və müştərilərə endirim kampaniyaları təklif edirlər. Bir məqamı da qeyd etmək lazımdır ki, ötən ilə nisbətən bu il aviaşirkətlər də qiymətlərdə endirimlər ediblər. Bütün bunlarla bərabər, həmişə olduğu kimi, problemlər də mövcuddur. Belə ki, müştərilər bəzi turizm şirkətləri tərəfindən dempinqlə (qiymətlərin süni şəkildə aşağı salınması) üzləşirlər. Hər il bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Turizm Assosiasiyasına (AZTA) ayrı-ayrı şəxslər tərəfindən şikayətlər daxil olur.
   Məsələ ilə əlaqədar AZTA-nın İdarə Heyətinin sədri Nahid Bağırov infotour.az saytına bildirib ki, turizm şirkətləri tərəfindən qiymətlərin süni şəkildə aşağı salınması problemi müştərilərin qarşılaşdığı daimi problemlərdəndir: «Hər il biz eyni problemlə üzləşirik. Bəzi şirkətlər xüsusilə Türkiyədə istirahət etmək istəyənləri maksimum aşağı qiymətlərlə cəlb etməyə çalışırlar. Bundan daha çox kiçik şirkətlər istifadə edirlər. Nəticədə isə turistlər səfərə getdikləri zaman vəd ediləndən aşağı keyfiyyətli xidmətlə qarşılaşırlar. Bununla bağlı müştərilər tərəfindən müxtəlif şikayətlər daxil olur”.
   Nahid Bağırov bildirib ki, AZTA əlində olan imkanlardan istifadə edərək, belə halların qarşısını almağa çalışır: «Bir müddət əvvəl turizm şirkətlərindən biri tövsiyələrə əməl etmədiyi və bu istiqamətdə fəaliyyətini davam etdirdiyi üçün lisenziyası əlindən alındı. Belə halların qarşısının alınması məqsədilə AZTA-nın mütəxəssisləri tərəfindən mövsümün əvvəlindən sonuna qədər turizm bazarında monitorinqlər keçirilir, vətəndaşlar tərəfindən edilən şikayətlər araşdırılır və onları aldadan şirkətlərə qarşı lazımi ölçü götürülür».
   AZTA sədrinin sözlərinə görə, hər bir şirkət müştərilərinə qiymətlərdə endirim edə bilər. Amma onlar bunu bazarın tələblərinə uyğun və vətəndaşların hüquqlarını tanımaqla etməlidirlər: «Buna görə də fürsətdən istifadə edib bütün turizm şirkətlərinin rəhbərlərinə xəbərdarlıq edirəm ki, hər il olduğu kimi, bu il də AZTA dempinqlə bağlı faktların hamısını araşdıracaq. Digər tərəfdən isə Türkiyə istiqaməti üzrə fəaliyyət göstərən «Era Style» turizm şirkətinə dempinqlə məşğul olan turizm şirkətləri ilə əməkdaşlıq etməməklə bağlı müraciət etmişik. Fikrimcə, bu yol bəzi şirkətlərin rəhbərlərini turizm bazarında xoşagəlməz vəziyyət yaratmaqdan çəkindirəcək».
   «Era Style» turizm şirkətinin baş direktoru Ayxan Allazlı qeyd edib ki, bazar iqtisadiyyatı yalan və fırıldaq yolu ilə qazanc əldə etməyi qəbul etmir: «Bu cür fəaliyyət göstərən şirkətlər bazarda xaos yaratdıqları üçün həmişə sonda iflas olurlar. Ona görə də biz AZTA-nın təklifini məmnuniyyətlə qəbul etmişik və bu məsələnin həllini tapmasında maraqlıyıq». 

  Fəxriyyə Abdullayeva