Kamança, nağara, violin, vokal, fortepiano ifaçılığı üzrə
Görkəmli bəstəkarlar Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən reallaşdırılan “Ustad dərsləri” layihəsinin növbəti həftəsi 12-16 dekabr tarixlərində keçirilib. Layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Sumqayıt və Kürdəmir regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən bədii təhsil müəssisələri və mərkəzlərin kamança, nağara, violin, akademik və estrada vokal, fortepiano müəllimlərini əhatə edib.
Ustad dərslərini kamança ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, nağara ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Təhmasib Məmmədov, violin ixtisası üzrə Niyazi adına 22 nömrəli Musiqi məktəbinin direktoru Əməkdar müəllim İlhamə Ağayeva, akademik və estrada vokal ixtisası üzrə Bakı Musiqi Akademiyasının baş müəllimi, M.Maqomayev adına 26 nömrəli Musiqi məktəbinin müəllimi Dmitri Babayev, fortepiano ixtisası üzrə G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin pedaqoqu Əməkdar müəllim Kamilla Əmirova aparıb.
Kamança ixtisası üzrə dərslərə 24, nağara ixtisası üzrə 24, violin ixtisası üzrə 25, akademik və estrada vokal ixtisası üzrə 15 nəfər, fortepiano ixtisası üzrə isə 108 müəllim qatılıb. Bundan başqa, dərslərdə aparıcı bədii təhsil müəssisələrinin istedadlı şagirdləri də çıxış ediblər.