“Xudayarın ifasında mahnını dinlədikcə azərbaycanlı gəncin Vətən sevgisini daha çox anladım”
“Xudayar təsnifi” kimi məşhurluq qazanmış “Vətən yaxşıdır” mahnısı (söz: Əliağa Vahid, musiqi: Əlibaba Məmmədov) yaponiyalı pianoçu Yusey İnui tərəfindən aranjiman edilib.
Musiqiçi AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində bu barədə danışıb. O deyib ki, ilk dəfə həmin mahnı üzərində işləmək təklifi alanda Azərbaycan haqda məlumatı olmayıb və bunu sifarişçilərə söyləməyə utanıb. Təcili internetdə araşdıraraq ölkəmiz haqda daha çox məlumat toplamağa çalışıb. Mahnının orijinalı ilə yanaşı, digər Azərbaycan musiqisi nümunələri ilə tanış olub: “İlk təəssüratım heyrətamiz idi. Sizin musiqiniz öz gözəlliyi ilə məni heyran etdi. Bu xalqı, onun qədim və zəngin mədəniyyətini indiyədək tanımadığıma görə özümdən utandım”.
Sonra sifarişçilər ona mahnının tarixi haqqında danışıblar. “Bu, həqiqətən, heyrət doğuracaq bir hekayə idi. Xudayarın ifasında mahnını dinlədikcə bu azərbaycanlı gəncin ürəyindən axıb dilinə gələn Vətən sevgisini daha çox anladım və bu hissləri aranjiman etdiyim musiqidə canlandırmağa çalışdım. Bu hisslər mənim ilham mənbəyimə çevrildi. Mahnı üzərində işləyərkən onun dinamizmini və gücünü ritmlərlə, hüznünü və kədərini isə melodiya və akkordlarla ifadə etməyə çalışdım. Yaponiya dinləyicilərinin bu musiqini daha yaxşı anlaması üçün isə mahnının quruluşuna və akkordlarına müəyyən əlavələr etdim. Onun kədərini təqdim etmək üçün intro və intermediyadan yararlandım. Nəticə etibarilə həm yaponların, həm də Azərbaycan xalqının bəyənəcəyi bir aranjiman yarada bilmişəmsə, bu, məni çox sevindirir”, – deyə pianoçu bildirib.
“Xudayar təsnifi”ni ifa edərkən keçirdiyi hisslər barədə suala cavab verən pianoçu bildirib ki, mahnının daşıdığı mənanı dərindən başa düşdüyünə görə onu bütün qəlbi ilə hiss edir: “Düşünürəm ki, bu musiqini dinləyən hər bir insan yalnız münaqişələrə deyil, həm də onun gətirdiyi ağrılı duyğulara və gərgin anlara baxmayaraq, irəliləmək üçün özündə güc hiss edir. Bu ağrı-acını dəf edərək gələcəyə daha böyük ümidlə baxmağa başlayır. “Xudayar təsnifi” üzərində çalışarkən insanlara bu inamı aşılayacaq bir musiqi nümunəsi yaratmağa çalışdım və düşünürəm ki, buna nail ola bildim. Mahnını məhz bu hissləri qəlbimdə yaşayaraq ifa etdim”.