«Eurovision»la bağlı təşkil edilən tur mayın sonuna qədər pulsuz olacaq
   
   Mayın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə Bakıda keçirilən «Eurovision-2012» mahnı müsabiqəsi ilə bağlı təşkil edilən «Baku City Tour»un (“Bakı şəhər turu”) yeni formatına start verildi. Mayın sonunadək davam edəcək turlar hər gün saat 10.00-dan 22.00-dək (hər saatdan bir) davam edəcək.
   
   Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə açıqlamasında bildirdi ki, şəhər turunun “Eurovision” mahnı müsabiqəsindən sonra da fəaliyyət göstərməsi nəzərdə tutulub: “Bunun üçün ikimərtəbəli, müasir standartlara cavab verən avtobuslar Nəqliyyat Nazirliyi tərəfindən alınaraq Mədəniyyət və Turizm Nazirliyinin istifadəsinə verilib. Marşrut Bakının ən görməli yerlərini əhatə edəcək. Tur mayın sonuna qədər pulsuz, növbəti aydan isə ödənişli şəkildə xidmət göstərəcək».
   Qeyd edək ki, hər marşrutun davam etmə müddəti 3 saat 50 dəqiqədir. Şəhər turu çərçivəsində 7 dayanacaq mövcuddur. Bunlardan birincisi Azadlıq meydanıdır. Tur buradan başlayır. Sonrakı dayanacaqlar Qız qalası, Füzuli meydanı, İzmir parkı, Cavid parkı, Milli Məclis və Funikulyordur. Bundan sonra avtobus «Eurovision»un keçiriləcəyi arenanın yaxınlığında - Dövlət Bayrağı Meydanında dövrə vurub yenidən Azadlıq meydanına qayıdacaq. Turistlər bütün dayanacaqlarda avtobusa minə və düşə bilərlər. Dayanacaqlara vurulmuş lövhələrdə marşrutun günün hansı saatlarında haradan keçəcəyi barədə məlumatlar yer alıb. Burada qoyulan xüsusi qutularda isə Bakının turist xəritəsi, müxtəlif turistik məkanlar haqqında buklet və broşürlər yerləşdirilib. Hər avtobus arasındakı interval 1 saatdır. Marşrut müddətində turistləri rus və ingilisdilli bələdçilər müşayiət edəcək. Onlar yolboyu təsadüf edilən tarixi-mədəni obyektlər, tikililər, o cümlədən Şah İsmayıl Xətai prospekti, Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Musiqili Komediya Teatrı, Kukla Teatrı, Qız qalası, İncəsənət Muzeyi, Filarmoniya bağı və s. haqqında tur iştirakçılarına ətraflı məlumatlar verəcəklər. Bələdçilərin təqdim etdiyi mətnlər Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanıb. Turu müşayiət edən bələdçilər Bələdçilərin Dövlət Attestasiyası Komissiyası tərəfindən sertifikat alıblar.
   Onu da qeyd edək ki, ikimərtəbəli avtobusların sərnişin tutumu 70 nəfərdir. Azərbaycana ilk dəfədir ki, bu cür iritutumlu avtobuslar gətirilir.

  Fəxriyyə Abdullayeva