Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqovun bədii rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının dekabrın 23-də Heydər Əliyev Sarayında keçirilən konsertini musiqisevərlər çoxdan gözləyirdilər. Çünki hələ 2016-cı ilin may ayında ansamblın Beynəlxalq Muğam Mərkəzində “Təəssürat” adlı konserti böyük maraqla qarşılanmışdı. Paytaxtın baş səhnəsində isə hər kəsi uzun zaman unudulmayacaq musiqi axşamı, möcüzəvi bir qış nağılı gözləyirdi...
Konsert Üzeyir Hacıbəyli musiqilərindən ibarət kompozisiya ilə başladı. Aparıcı, Əməkdar mədəniyyət işçisi Rahib Azəri tamaşaçılara fərqli və maraqlı proqram vəd etdi. Musiqiçilərin ağ-qara, sanki pianonun dillərini xatırladan geyimləri diqqətdən yayınmırdı. Sonra bu il 100 illiyi böyük təntənə ilə qeyd olunan Rauf Hacıyevin filmlərə yazdığı mahnılardan ibarət popurri səsləndirildi.
Əməkdar artist, tanınmış gənc pianoçu Emil Əfrasiyab həmin gecə öz pərəstişkarlarını çox gözlətmədi. Cazsevərlər ABŞ-nin Boston şəhərində yaşayan azərbaycanlı ifaçını ilk dəfə ölkəmizi Kaliforniya ştatında təşkil olunan 65-ci Monterey Caz Festivalında uğurla təmsil etməsi münasibətilə gurultulu alqışlara qərq etdilər. O, ilk olaraq Azərbaycanın “caz şahzadəsi” adlandırılan Əzizə Mustafazadəyə həsr etdiyi “Əzizə” kompozisiyasını ifa etdi.
Ənvər Sadıqovun özünəməxsus yanaşması və ifa üslubuna xas olaraq repertuarında tanqo tipli əsərlər də üstünlük təşkil edirdi. Azərbaycan və Qərb bəstəkarlarının əsərlərinin sintezi, klassik əsərlərin qarmonda bənzərsiz səslənməsi tamaşaçılarda, xüsusən də musiqişünaslarda maraqlı reaksiya doğururdu.
Konsert proqramında bu il dünyasını dəyişən unudulmaz bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın da xatirəsi yad olundu, onun əsərlərindən ibarət kompozisiya ifa edildi.
Ənvər Sadıqovun qızı, Vyana Musiqi və İfa Sənəti Universitetinin tələbəsi Tamilla Sadıqbəylinin dirijorluğu ilə milli rəqsimiz “Uzundərə”nin Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə Ənvər Sadıqovun solo ifası gecəyə xüsusi rəng qatdı. Hidayət Sadıqbəyli isə həmin gecə atasına başqa bir ərməğan etdi. Onun Emil Əfrasiyabla duet ifası böyük alqışlarla qarşılandı.
Ansamblın təqdim etdiyi kompozisiyalar, mahnılar, caz, milli və Qərb musiqilər bir-birini əvəzlədikcə gecənin al-əlvanlığı daha da artır, bu da təbii olaraq tamaşaçıları biganə qoymurdu. Azərbaycanda milliləşən qarmonun imkanları və əsl peşəkar yanaşmanın sərgilənməsi musiqini az-çox duyan hər kəsi heyran etmişdi. Xalq artisti, tarzən Ramiz Quliyev növbəti ifaya keçid zamanı səhnəyə qalxmadan elə yerdən ifalar haqqında ürək sözlərini bölüşmək üçün üzünü zala tutdu. Bu məqamda da aparıcı onu səhnəyə dəvət etdi. Ramiz Quliyev bu unudulmaz musiqi axşamına görə ansamblın bütün kollektivinə dərin təşəkkürünü bildirdi. Azərbaycan musiqisinin, ifaçılıq məktəbinin peşəkarlığını nümayiş etdirdikləri üçün bu konsertin ifaçılıq tariximizdə bir hadisə olduğunu qeyd etdi.
Konsertin işıq, səhnə, səs tərtibatı da elə ifaçıların uğurlu çıxışlarına mütənasib idi.
Musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə bu dəfə də öz sosial şəbəkə hesabında bu musiqi axşamı ilə bağlı paylaşım etdi: “Qaytağı”! Ənvər Sadıqov. Tamilla Sadıqbəyli və Qara Qarayev adına Kamera Orkestri. Arif Məlikovun sonsuz nəfəsə malik musiqisi. Xoşbəxt uşaqlığımız, ümid və arzularımız. İlahi, belə də gözəllik olarmı?! Bu emosiyaları yaşadan sənətkarlarımıza eşq olsun! Ümidvaram, “Sehrli xalat” filmindən o əsrarəngiz gözəlliyə, əzəmətə və nəcibliyə malik musiqini hər kəs xatırladı. Musiqişünas İzabella Abezqauzun təbirincə desək, burada “tezis-periodik inkişaf” strukturunun təzahürünü görürük. O, həmin strukturu “Koroğlu” operasının tədqiqi əsasında üzə çıxarmışdır”.
Konsert boyu bütün ifaçıların Xalq artisti Ənvər Sadıqovun (qarmon) bədii rəhbərliyi ilə Əməkdar artistlər Ələkbər Ələkbərov (tar), Emil Əfrasiyab (piano), Şakir Davudov (skripka), Bəhram Mahmudov (qoşanağara), Xasay Gülməmmədov (saz və ud) Taleh Ağayev (elektro piano), Abbas Səfərov (nağara), Elvin Bəşirov (zərb alətləri), Orxan Musayev (nəfəs alətləri) və Saleh Məmmədov (bas-gitara), Məqsəd Əzizov (zurna) solo hissələrlə öz peşəkarlıqlarını nümayiş etdirməsi də başqa bir aləm idi.
Konsert ansamblın ifasında böyük Cəfər Cabbarlının “Türk sağ ikən” şeirinin sözlərinə yazılmış mahnının sədaları altında (Əməkdar artist Abbas Bağırov) yekunlaşdı.
Həmin gecə səslənən əsərlərin ehtişamını, ifaçıların məharətini musiqi təhsilim olmadığı üçün layiqincə qiymətləndirməkdə acizəm. İnanıram ki, konserti izləyən hörmətli musiqişünasların bu layihə ilə bağlı elmi mülahizələrini tezliklə mətbuatda oxumaq imkanı qazanacağıq.
Qeyd edək ki, “Qaytağı”nın bədii rəhbəri, virtuoz qarmon və akkordeon ifaçısı, Xalq artisti Ənvər Sadıqov xalq, muğam, klassik, eləcə də caz musiqiləri arasında ecazkar sintez yarada bilir. Sənətkar 2001-ci ildə qarmon aləti üzərində eksperimentlər aparmağa başlayıb. 2007-ci ildə “ReneveR” adlı üç oktavalı, eləcə də yeni registrli qarmon ərsəyə gətirib. Alət 2018-ci ildə isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində ixtira kimi qeydiyyatdan keçərək patentləşdirilib. Bu qarmon səs diapazonunun genişliyindən əlavə, həm də daha bir səs registrinin olmasına görə Azərbaycan qarmon ifaçılığı üçün yeni imkanlar yaradıb və gənc ifaçılar arasında yayılmaqdadır...
Lalə Azəri