Mayın 11-də «Hyatt Regency» hotelində unikal zinət əşyaları kolleksiyasının təqdimatı keçirildi. İctimaiyyət nümayəndələrinin və KİV əməkdaşlarının iştirak etdiyi tədbirə Rəsminə Qürbətova ev sahibliyi edirdi.
Onun müəllifi olduğu zinət əşyaları kolleksiyası orijinal dizaynı ilə dünyada tanınan Azərbaycan xalçalarının ornamentlərini əks etdirirdi. Sərgidə 20 növ xalça ornamentlərinin əks olunduğu 30-dan artıq əl işi nümayiş olunurdu. Müəllif zinət əşyalarının hazırlanmasında Əfşan, Ərciman, Çanta, Əjdaha, Fındığan, Heris, Kaşı, Kilim gülü, Kilim, Kufi, Malıbəyli, Simurq və Əjdaha, Qaraqoyunlu, Şeyx Səfi, Muğan kimi xalça növlərinin naxışlarından istifadə etmişdi.
R.Qürbətovanın dediyinə görə, xalçalar onları yaradanların həyat təcrübəsini, estetik zövqünü, hissiyyatını və duyğularını əks etdirir: «Məhz bu məqamlar Azərbaycan xalçalarını mənaca dolğun, bədii cəhətdən zəngin edir və digər sənət ənənələri ilə qarşılıqlı təsirləndirmək imkanları açır. Bu kolleksiyanın mahiyyəti də bundadır: müxtəlif sənət formalarının vəhdətinə nail olmaq və xalça naxışlarının yeni ornamental təzahürünü yaratmaq. Kolleksiyada yer alan bu zinət əşyalarını hazırlayarkən çalışmışam ki, xalçalarımız bütün gözəlliyi ilə burada öz əksini tapsın».
Sərgi ziyarətçiləri arasında ictimaiyyətin tanınmış nümayəndələri də vardı. Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov fikirlərini bizimlə bölüşdü: “Xalça sənəti mədəniyyətimizin önəmli hissəsini təşkil edir. Xalçalarımızın üzərindəki naxışların zinət əşyalarına köçürülməsi və onların belə sərgilər vasitəsilə nümayiş etdirilməsi eyni zamanda turizm imkanlarımızın da tanıdılmasına xidmət edir. Çünki turizmlə mədəniyyət həmişə bir-birinə bağlı olub. Onların birinin təbliği digərinin də tanıdılması deməkdir”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev də sərgidən zəngin təəssürat almışdı: “Kolleksiyada nümayiş olunan nümunələr, sadəcə, qiymətli zinət əşyaları deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin təbliği baxımından gözəl bir vasitədir. Bu sərginin təşkil edilməsi ölkəmizin turizm potensialının da təbliğidir. Müəllifə uğurlar arzulayıram».
Fəxriyyə Abdullayeva