BMA-nın kafedrasının 70 illiyi konsertlə qeyd edilib

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Fortepiano, orqan və klavesin kafedrasının 70 illiyi konsertlə qeyd edilib.

BMA-nın böyük zalında kafedranın müdiri professor Afaq Rüstəmovanın bədii rəhbərliyi ilə təşkil edilən (28 dekabr) konsertdə Azərbaycan və xarici ölkə bəstəkarların əsərləri səsləndirilib.

Xalq artisti, professor Xuraman Qasımova və musiqişünas, BMA-nın dosenti Xatirə Həsənzadə kafedranın tarixindən söz açıb, yubileylə əlaqədar həmkarlarını təbrik ediblər.

Konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, Əməkdar incəsənət xadimi Kəmalə Neymanova, Əməkdar müəllim Adilə Mailova, dosentlər Dilşad Əliyeva, Tofiyə Cavadova, Aynur Xəlilova, İdris Zeynalov, Əməkdar artist Nigar Məlikova və BMA-nın digər əməkdaşları, eləcə də qonaq ifaçılar – Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti, Əməkdar artist Aynur İsgəndərli, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Atəş Qarayev, “Muğam” televiziya müsabiqəsinin qalibi Babək Şuşalı, habelə BMA-nın tələbələri çıxış ediblər.