Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Prezident İlham Əliyev yanvarın 5-də bununla bağlı sərəncam imzalayıb.

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamda Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti həmçinin dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qeyd edək ki, bu sərəncamadək ölkədə minimum aylıq əməkhaqqının məbləği 300 manat, əmək pensiyasının minimum məbləği isə 240 manat olub.