Xarici turistlər təəssüratlarını qəzetimizlə bölüşdülər
   
   Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi tarixə qovuşdu. Bu möhtəşəm beynəlxalq yarışma ilə bağlı minlərlə əcnəbi qonaq paytaxtımızı və Azərbaycanın bir çox regionlarını gəzmək, görmək fürsəti qazandı. Maraqlıdır, dünyada yeni turizm istiqaməti kimi tanınan Azərbaycan onların yaddaşında hansı təəssüratlarla qaldı? Bu suala əcnəbi turistlərdən maraqlı cavablar aldıq.
   
   İsveçli bəstəkar İohann Yandberi: “Bakı nə qədər gözəldirsə, insanları da bir o qədər istiqanlı və mehribandır. Burada özünü qonaq kimi hiss etmək mümkün deyil, elə bil öz vətənindəsən. Azərbaycana ilk səfərim olsa da, təəssüratlarım o qədər zəngindir ki, yəqin ki, ölkəmə qayıtdıqdan sonra günlərlə danışsam, qurtarmayacaq. Açığını deyim ki, «Eurovision»a qədər ölkəniz haqqında elə də böyük məlumatım yox idi. Ötən il Eldarla Nigarın ifasını dinlədikdən sonra Azərbaycanla maraqlanmağa başladım. Mən özüm bəstəkaram. Sizin mahnınız məni dinlədiyim andaca heyran etdi. Burada olduğum bir həftə ərzində sizin bir çox ifaçılarla da tanış oldum. Onların böyük istedadları var.
   Qeyd etmək istədiyim daha bir məqam mətbəxinizin zənginliyi ilə bağlıdır. Sizin milli yeməyiniz olan dolmanı xüsusilə bəyəndim. İnşallah, gələcəkdə buraya turist kimi də gəlməyi planlaşdırıram”.    

   * * *
   “Eurovision” televiziyasının əməkdaşı Jarmo Sin: “Bakı çox gözəldir. Baxmayaraq ki, tikinti işləri davam edir, amma bu, şəhərin gözəlliyinə təsir etmir. Bu vaxta qədər «Eurovision» mahnı müsabiqəsini bir çox ölkələrdə, o cümlədən Serbiya, Ukrayna, İsveç, Rusiya və Almaniyada izləmək fürsətim olub. Amma belə mütəşəkkil təşkilatçılıq birinci dəfədir görürəm. Çox qonaqpərvər xalqınız var. Bunu biz hər addımda hiss etdik. Burada olduğum 10 gündə iş qrafikimiz sıx olsa da, qətiyyən yorulmamışam. Çünki insanların xoş rəftarı, isti münasibəti buna imkan vermir. Mən Azərbaycanı çox sevdim”.
   Niderlandlı jurnalist Hendrik Bolk: «Bakıda «Eurovision-2012» mahnı müsabiqəsi çox böyük müvəffəqiyyətlə başa çatdı. Burada hər şey yüksək səviyyədə təşkil edilmişdi. Bakı şousu doğrudan da məftunedici və gözəl idi. Azərbaycan paytaxtında gördüklərim məni heyran etdi. Gözəl memarlıq nümunələri, istirahət mərkəzləri, Dənizkənarı Milli Park hər kəsdə unudulmaz təəssürat oyadır. İnsanların gülərüz siması, qonaqpərvərliyi, ümumiyyətlə, şəhər həyatında duyulan enerji adamı bu yerlərə bir daha gəlməyə həvəsləndirir. Həmvətənlərimə Azərbaycana turist kimi gəlməyi tövsiyə edəcəyəm».
   
   * * *
   Kaushik Ray əslən hindistanlıdır, Böyük Britaniyada jurnalist kimi fəaliyyət göstərir, “Eurovision-2012” müsabiqəsini işıqlandırmaq üçün Bakıya gəlib: “Xəzərin sahili boyu uzanan Dənizkənarı Milli Park, İçərişəhər, Qız qalası və digər yerlərdən ayrılmaq olmur. Paytaxtınızın ab-havası, insanların gülümsəyən simaları adamda xoş təəssürat yaradır. Bakının yolları və meydanları geniş, küçələri təmizdir. Burada gəzməli və görməli yerlər çoxdur. Gündüzlər işgüzar həyatını yaşayan Bakının gecələr parlaq işıqları insanı valeh edir. Azərbaycan xalqı isə çox qonaqpərvərdir.
   Mən «Eurovision-2012» mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu xüsusilə vurğulamaq istərdim. Müsabiqə başa çatsa da, şəhərdə bayram əhvali-ruhiyyəsi duyulur. Hamı bu möhtəşəm tədbirdən danışır. Yarışmanın keçirildiyi «Baku Crystal Hall» çox gözəl və moderndir. Buradakı Mətbuat Mərkəzində jurnalistlərin çalışması və istirahəti üçün yüksək şərait yaradılmışdı. Səmimi etiraf edirəm ki, Bakı şousu indiyədək keçirilən «Eurovision» mahnı müsabiqələrindən yaxşı mənada fərqlənirdi”.    

   * * *
   Hindistanlı jurnalist Ryan Vilson: «Azərbaycan Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu bir ölkədir. Ölkənizin mədəni həyatının bütün sahələrində bunu görmək mümkündür. Müsabiqə ilə bağlı iki həftədir ki, Bakıdayam. İşim çox olsa da, vaxt tapıb Bakının görməli yerlərini gəzə bildim. Şəhərinizin qədim və müasir tikililəri, restoran və kafeləri, istirahət mərkəzləri insanı heyran edir. İmkan tapıb gedə bildiyim hər yerdə məni qonaqpərvərliklə qarşıladılar. İnsanlar mənə elə qayğı ilə yanaşırdılar ki, sanki vətənimdə, doğmalarımın arasında idim. Şounun keçirildiyi “Baku Crystal Hall” da çox möhtəşəmdir. Burada hər bir detal nəzərə alınmışdı. Təşkilatçılıq isə mükəmməl idi”.    

   * * *
   Şotlandiyalı professor İan Buick: “Eurovision-2012” mahnı müsabiqəsi fantastik şou idi, Azərbaycan özü də fantastik ölkədir. «Baku Crystal Hall»a isə söz ola bilməz. Bir həftədir Azərbaycandayam. Bu müddətdə ölkənizdə gördüklərimdən çox məmnun qaldım. Bakının gözəlliyinə heyran oldum. Bakı çox yaxın vaxtlarda dünyanın ən böyük meqapolisləri ilə yarışa biləcək bir sürətlə inkişaf edir. Milli mətbəxinizi, musiqilərinizi xüsusilə qeyd etmək istəyirəm. Əminliklə deyə bilərəm ki, «Eurovision-2012» mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan bu böyük beynəlxalq tədbiri yüksək təşkilatçılıqla həyata keçirə bildi». 
   

   Fəxriyyə Abdullayeva