Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə mayın 15-dən həyata keçirilən “Bakı şəhər turu”nun (“Baku City Tour”) formatında bəzi dəyişikliklər ediləcək. Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncovun verdiyi məlumata görə, «Baku City Tour» nəzərdə tutulduğu kimi, mayın 30-dək ödənişsiz həyata keçirilib. Layihə çərçivəsində şəhərimizin qonaqları hər gün səhər saat 10-dan axşam saat 8-dək Bakının müxtəlif gəzməli və görməli yerləri ilə tanış olub: “Tur iştirakçıları heç bir ödəniş etmədən ikimərtəbəli, müasir standartlara cavab verən avtobuslarla Bakının mərkəzi küçələrindən keçərək, şəhərin tarixi, arxitekturası, turizm imkanları ilə bağlı məlumat almaq imkanı əldə etdilər. Biz bu layihəni «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar həyata keçirirdik. Artıq müsabiqə yekunlaşıb. Bundan sonra «Bakı şəhər turu» ödənişli olacaq. Bundan əlavə, marşrutda da bəzi dəyişikliklərin edilməsi nəzərdə tutulur”.
   Həmsöhbətimiz qeyd etdi ki, bu günlər ərzində turlardan çoxsaylı turistlər istifadə ediblər. Şəhərimizə gələn əcnəbi qonaqların «Baku City Tour»a böyük maraq göstərdiyini deyən B.Qılıncov bildirdi ki, təxmini hesablamalara görə, gün ərzində 200-dən çox insan turun iştirakçısı olub: «Hələlik dəqiq hesablama aparmamışıq. Rəqəmlər yaxın günlərdə hazır olacaq. Amma onu deyə bilərəm ki, «Baku City Tour» layihəsi özünü doğrultdu».

   Fəxriyyə