Dastanın Lütfi Zadə nəzəriyyəsi ilə bağlılığından bəhs edən tədqiqat

 

Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı işıq üzü görüb.

Yanvarın 13-də Milli Kitabxanada kitabın təqdimatı keçirildi. Tədbirdə Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində nəşr etdiyi “Lütfi Zadə. Biblioqrafiya” da təqdim olundu.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qeyd etdi ki, Azərbaycanı dünyaya tanıdan bir alimin, Lütfi Zadənin işığına toplaşmışıq. Təqdim olunan kitab və Lütfi Zadənin ideyası, həqiqətən iki cəbhənin – həm humanitar, həm də dəqiq elmlər sahəsinin adamlarını bir yerə yığıb. Dünya durduqca Lütfi Zadənin ideyaları da yaşayacaq və genişlənəcək: “Nə yaxşı ki, Azərbaycan xalqının belə oğulları var. Onun ideyalarını ölkəmizdə davam etdirən alimlər var”.

Tədbirin moderatoru, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov çıxış edərək qeyri-səlis məntiq nəzəriyyəsinin yaranma tarixindən danışdı. Bildirdi ki, bu nəzəriyyə ötən əsrin 60-cı illərində ortaya çıxıb. Ondan ilk dəfə texnika sahəsində çalışanlar istifadə edib. Bu gün elmin müxtəlif sahələrində bu nəzəriyyə uğurla tətbiq edilir.

Q.İmanov Rafiq Əliyevin Lütfi Zadə nəzəriyyəsinə gətirdiyi yeni fikirlərdən, əldə etdiyi mühüm nəticələrdən də danışdı. O, Kamal Abdullanın qorqudşünas alim kimi tədqiqatlarından, qeyri-səlis məntiqin qorqudşünaslığa tətbiqindən də bəhs etdi.

AMEA-nın Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov bildirdi ki, kitabın aparıcı xəttini türk və yunan mifləri ilə müqayisə təşkil edir. Bu kitab həm qədim miflərin, həm də müasir ədəbiyyatın strukturunu öyrənmək üçün böyük əhəmiyyətə malikdir.

Xalq şairi Ramiz Rövşən dedi ki, kitabda “ya yaxşı, ya pis” anlayışı “nə yaxşıdır, nə pis” anlayışı ilə əvəz olunur. Qeyri-səlis məntiq nəzəriyyəsi, bir növ, ironiyaya yol açır. Diqqət edilsə, atalar sözlərimizdə də xeyli ironiya var.

Kitabın müəlliflərindən biri AMEA-nın müxbir üzvü Rafiq Əliyev çıxışında təqdimata görə Milli Kitabxanaya təşəkkür etdi. “Lütfi Zadə. Biblioqrafiya” kitabının əhəmiyyətindən bəhs edən R.Əliyev “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının ideya müəllifinin Kamal Abdulla olduğunu və hər iki nəşrin Lütfi Zadə ideyalarının təbliğində böyük rol oynayacağını dilə gətirdi.

Digər müəllif, Azərbaycan Dillər Universitetinin rektoru Xalq yazıçısı, akademik Kamal Abdulla kitabın ərsəyə gəlməsindən bəhs etdi. Dedi ki, qeyri-səlis məntiq nəzəriyyəsi “Dədə Qorqud” dastanının öyrənilməsinə yeni ruh gətirib. Kitab ingilis və türk dillərinə tərcümə edilib.

Milli Məclisin deputatları Fazil Mustafa, Vahid Əhmədov, Etibar Əliyev, AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov, AMEA İqtisadiyyat İnstitutunun direktoru professor Nazim İmanov, Mətbuat Şurasının sədri Rəşad Məcid və başqaları çıxış edərək qeyri-səlis məntiq nəzəriyyəsindən, bu istiqamətdə Lütfi Zadənin gördüyü əvəzsiz işlərdən söz açdılar, nəşrin əhəmiyyəti yüksək qiymətləndirildi. Qeyd olundu ki, kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun (ümumi məntiq, qeyri-səlis çoxluqlar, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu) haqqında söz açılır.

Çıxışlarda “Lütfi Zadə. Biblioqrafiya” haqqında da bəhs olundu. Bildirildi ki, nəşrdə görkəmli alimin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri ayrıca bölmədə verilib. Biblioqrafiyada elm xadiminin kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, alimin həyat və yaradıcılığını əks etdirən zəngin ədəbiyyat öz əksini tapıb. Materiallar Azərbaycan, rus, ingilis və başqa dillər üzrə verilib. 2500-dən artıq mənbəni əhatə edən biblioqrafiyanın elektron versiyası Milli Kitabxananın saytında yerləşdirilib.

Savalan Fərəcov