Son 60 ildə ilk dəfə ölkədə demoqrafik azalma

 

Çin Xalq Respublikası dünyanın ən çox əhalisi olan ölkə titulunu qonşusu Hindistana vermək üzrədir. Bu barədə dünya əhalisi və demoqrafiya üzrə müstəqil statistika təşkilatı – “World Population Review” yanvarın 18-də məlumat yayıb.

Təşkilatın real vaxt rejimində təqdim etdiyi məlumata görə, 18 yanvarda Hindistanın əhalisi 1 milyard 422 milyon, Çinin əhalisi isə 1 milyard 425 milyon nəfər olub. Ekspertlərin fikrincə, Hindistan 2023-cü ilin ortalarınadək birinciliyi Çindən alacaq. Hazırda Çində demoqrafik prosesdə mənfi tendensiya (0,1 faizdən 0,3 faizədək azalma) gedir, Hindistanda isə əhalinin artım tempi müsbət 0,7-0,9 faiz aralarındadır.

Məlumatda Hindistanda əhalinin sayının 2060-cı ildə 1,7 milyarda yüksələcəyi, Çin əhalisinin sayının isə 1,2 milyarda qədər azalacağı proqnozlaşdırılır.

Qeyd edilir ki, 2022-ci ildə Çin Xalq Respublikasında son 60 il üzrə ilk dəfə əhali sayında azalma (850 min nəfər) baş verib. Ötən il ölkədə 9,56 milyon uşaq doğulub, 10,41 milyon nəfər ölüb. Halbuki son illər Çində doğum sayı bir qayda olaraq 10 milyondan çox olurdu. Ekspertlərə görə, ötən əsrin 80-ci illərindən Çində tətbiq edilən “1 ailə - 1 uşaq” formulu indi öz mənfi nəticələrini göstərir. Baxmayaraq ki, artıq bu məhdudiyyət götürülüb, üstəlik hökumət hətta ailədə 3 uşaq olmasını da təşviq edir, hələlik müsbət tendensiya görünmür. Ümumilikdə isə Çində demoqrafik qocalma (yaşlı əhalinin gəncləri üstələməsi) gedir. Bu isə həm də iqtisadi inkişaf üçün problemdir.

Qonşu Hindistanda isə hazırda əhalinin yarısı 30 yaşdan aşağı olanlardır. “World Population Review” qeyd edir ki, Hindistanın yaxın illərdə ən sürətli inkişaf edən iqtisadiyyata malik olmaq şansı var. Amma demoqrafik dividentdən yararlanmaq üçün hökumət milyonlarla yeni iş yeri açmalıdır.

Xatırladaq ki, BMT-nin Əhali Fondu (UNFPA) 2022-ci il noyabrın 15-də Yer kürəsində əhalinin sayının 8 milyard nəfərə çatdığını bildirib. Dünya əhalisinin 35 faizi isə Çinlə Hindistanın payına düşür. Onlardan savayı əhali sayına görə ilk onluğa (2022-ci il sonu üçün) ABŞ (337 milyon nəfər), İndoneziya (282 milyon), Pakistan (232 milyon) tutur. İlk onluğa həmçinin Nigeriya (219 milyon), Braziliya (217 milyon), Banqladeş (169 milyon), Rusiya (146 milyon) və Meksika (133 milyon) daxildir.

Yeri gəlmişkən, 2022-ci ilin dekabrına olan məlumata görə, Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 58 min nəfər və ya 0,6 faiz artaraq 10 milyon 215 min nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

V.Kamal