Əməkdar artist Sevil Xəlilovanı xatırlayarkən...

 

Azərbaycan teatr sənətinin hər zaman yaddaşlarda yaşayacaq simaları var. Tamaşaçı olaraq bəzən bu sənət adamlarının adlarını bilməsək belə, onların ekrandan boylanan baxışları diqqətimizi çəkir, düşündürür...

Uşaq yaşlarımdan televiziya tamaşalarında öz zərifliyi, qeyri-adi baxışı və duruşu ilə marağımı cəlb edən bir aktrisa vardı. Ötən əsrin 80-ci illərində bir sıra teletamaşalarda, eləcə də Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində bu aktrisanın bir-birindən fərqli obrazları hələ də gözlərim önündən getmir. Əməkdar artist Sevil Xəlilovanı 70 illiyi münasibətilə yada saldıq.

1953-cü ilin 10 yanvarında Bakıda dünyaya göz açan Sevil Rza qızı Xəlilova ilk sənət təhsilini C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdindəki aktyorluq kursunda (1969-1970) alıb. 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino aktyorluğu fakültəsinə daxil olub.

Tələbə ikən müəllimi Həsənağa Salayev ona Akademik Dram Teatrında Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” psixoloji dramı əsasında hazırladığı tamaşada rol (Professorun qızı) verib. Premyerası 23 dekabr 1973-cü ildə olan bu tamaşa tələbə-aktrisaya populyarlıq gətirib. Ona görə də 1974-cü ildə görkəmli rejissor, o dövrdə “Azərbaycanfilm” kinostudiyasının direktoru olan Adil İsgəndərovun kursunu bitirən Sevil Xəlilova Akademik  Dram Teatrının truppasına daxil edilib.

Yaradıcılığının ilk illərində dramatik və lirik-dramatik səpkili gənc qız rollarını oynayan aktrisa tədricən xarakterik, psixoloji baxımdan çoxqatlı, bir qədər mürəkkəb səciyyəli personajları ifa etməyə başlayıb. Səhnədə həmişə canlı və çevik görünən Sevil Xəlilova həm də səliqəsi və səriştəsi ilə seçilib.

2002-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülən Sevil Xəlilova yaratdığı obrazlarla sənətsevərlərin qəlbində yaşayır. Onun “Atayevlər ailəsi”ndə Mehrican (İ.Əfəndiyev), “Hacı Qara”da Sona (M.F.Axundzadə), “Şərqin səhəri”ndə Nataşa (Ə.Məmmədxanlı), “Yağışlı gecə”də Auşra (R.Kaşkauas), “Ötən ilin son gecəsi”ndə Gülarə (Anar), “Yollar görüşəndə” tamaşasında Rahidə (R.Qasımova), “Müsabiqə”də Sevinc (A.Qəhrəmanov) və s. obrazları aktrisanın sənət tərcümeyi-halının yaddaqalan örnəkləridir.

Peşəkar kino təhsili olsa da, rejissorlar nədənsə onu “görmədilər”. Cəmi bir filmdə (“Biz qayıdacağıq”, 2007) epizodik rolda çəkilmişdi...

...Sevil Xəlilova 58 yaşının tamamına 4 gün qalmış – 6 yanvar 2011-ci ildə həyata vida edib.

***

Sənət dostları onu sakit, dərd-sərini heç kimsəyə söyləyib narahat etməyən səmimi bir insan kimi xatırlayırlar.

Altay Məmmədovun “Kişilər” pyesinin televiziya tamaşasında aktrisanın tərəf-müqabili olmuş Xalq artisti İlham Namiq Kamal: “Dram teatrının səhnəsində onunla bir çox tamaşalarda çıxış etmişdik. Səhnədə ifası hər zaman rəğbət doğururdu. “Kişilər” televiziya tamaşasında mənim həyat yoldaşım – Səlimə obrazında çıxış edirdi.  Bu rolu da çox gözəl oynamışdı. İstedadlı aktrisa olmaqla bərabər, təmkinli, insanlara qarşı istiqanlı və səmimi idi. Bir danılmaz fakt var ki, aktyor və aktrisa həmişə rejissordan asılı olur. Ona görə də gərək bu baxımdan bir az bəxtin gətirsin. Bu mənada düşünürəm ki, Sevil xanımın sənətindən, yaradıcılığından, potensialından istər Azərbaycan teatrı, istərsə də kinosu yetərincə istifadə edə bilmədi. Sanki bəxt ulduzu yetərincə parlamadı. Onda həddən artıq təbiilik var idi ki, bu hal kinoda uğurla istifadə edilə bilərdi. Sevili həmişə xoş duyğularla yad edirəm”.

***

Xalq artisti Hacı İsmayılov: “Yaxşı yadımdadır, 70-ci illərdə bizimlə teatra gələnlərdən biri də Sevil idi. Onun adı çəkiləndə hər zaman ilk olaraq yadıma bir hadisə düşür. O vaxt bizim teatrda Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” tamaşası hazırlanırdı. Vaxtilə həmin tamaşada baş rolu ifa etmiş görkəmli aktyorumuz Həsənağa Salayev bu tamaşanı rejissor kimi hazırlayırdı. Səhnə əsərində Sevil Xəlilova mənim sevgilim obrazını – Professorun qızını yaradırdı. Bu tamaşada unudulmaz bir səhnəmiz vardı. Yağış yağır və biz çətirin altında bir-birimizlə söhbət edirik. Çox maraqlı bir səhnə idi. Onun uzun qara, çiyinlərinə tökülən saçları vardı. Birgə oynadığımız həmin səhnəni bu günə kimi unuda bilmirəm. Sonradan bir çox tamaşalarda eyni səhnəni bölüşdük. “Kişilər” televiziya tamaşasında da birgə oynamışıq. Rollarını çox gözəl ifa edirdi. “Atayevlər ailəsi” tamaşasındakı obrazı da unudulmazdır.

O, bir aktrisa kimi çox sakit insan idi. Heç kimin işinə qarışmazdı. Məşqlərə, tamaşalara sakit gəlib, sakit də gedərdi. Birgə çalışdığımız illərdə bir dəfə olsun, səsinin tonunu ucaltdığını eşitmədim. Hamıya hörmətlə yanaşırdı. Sonradan xəstəlik onu üzdü və bu xəstəliklə də dünyasını dəyişdi. Allah rəhmət eləsin”.

***

Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədov da Sevil xanımı işıqlı xatirələrlə yad edir. Bildirir ki, aktrisa ilə tanışlığı hələ truppa müdiri işləməzdən əvvələ təsadüf edir: “Sevil xanımı 1998-ci ildən tanıyırdım. O zaman tələbə idim. Sevil xanım bizə hər zaman ana nəvazişi ilə yanaşardı. Onu da qeyd edim ki, bizim diplom tamaşamızda ana obrazını oynamışdı. Həmin dövr indikindən çox fərqli idi. Biz Həsənağa Turabovun kursunun tələbələri idik və teatra gələndə özümüzdən yaşlı nəslə hörmət əlaməti kimi əgər görkəmli sənətkarlarımız bufetdə olurdusa, heç vaxt oraya daxil olmazdıq. Sevil xanım da bunu bildiyi üçün bizə qayğı ilə yanaşar, öz qrim otağında çaya qonaq edərdi... Sevil xanımın həyat yoldaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdi və bir qızları vardı. Sonradan teatrda truppa müdiri çalışdığım zamanlarda da onunla gözəl münasibətlərimiz olub. 10 ildən çox müddətdə onun bir dəfə də məşqə gecikməyinin şahidi olmadıq”.

***

Vaxtilə televiziyada nümayiş olunan bu tamaşalar bu gün sənətsevərlərə təqdim olunsa, orta və yaşlı nəsil izləyicilər teatr salnaməmizin diqqətəlayiq nümunələrini bir daha xatırlayar, dünyasını dəyişmiş sənətkarlarımızı unutmazlar. Bu həm də yeni nəsillərin səhnə sənətimizin keçmişi ilə tanışlığı üçün fürsət olar. Çünki bu tamaşalarda sənət tariximizin silinməyən imzaları əksini tapıb...

Lalə Azəri