Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1972-ci il 6 noyabr
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Bakı metropoliteninin üç stansiyasının – “Əzizbəyov” (hazırda “Koroğlu”, memar – H.Məcidov), “Avrora” (hazırda “Qara Qarayev”, memarlar – H.Ələsgərov, Ə.Hüseynov, rəssamlar – C.Qasımov, R.Xələfov) və “Neftçilər” (memarlar – Ə.İsmayılov, F.Leontyev, rəssamlar – A.Ağamalov, M.Qafarov) stansiyalarının açılış mərasimində iştirak edib.
1972-ci il 25 noyabr
Heydər Əliyev Bakıda “Xalqlar dostluğu” parkının təməlqoyma mərasimində nitq söyləyib.
1972-ci il 11 dekabr
Heydər Əliyev Bakı şəhərində V.İ.Lenin adına Sarayın (hazırda Heydər Əliyev Sarayı) açılış mərasimində iştirak edib.
1973-cü il 9 may
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Bakı şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin (heykəltəraş – Fuad Əbdürrəhmanov) açılışı mərasimində nitq söyləyib, Azərbaycan xalqının İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi töhfələrdən söz açıb.
“Azərbaycanın oğul və qızları düşmənə qarşı igidliklə vuruşurdular. Onların bir çoxunun adları ölkənin hərb salnaməsinə qızıl hərflərlə yazıldı. Respublikamızın 114 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 166 mindən çox nümayəndəsi döyüş ordenləri və medalları ilə təltif edildi. Məşhur sərkərdə general Həzi Aslanovun adı, Aleksandr Matrosovun igidliyini təkrar etmiş qvardiya serjantı Gəray Əsədovun, döyüşdə öz komandirini köksü ilə qorumuş matros Qafur Məmmədovun, snayper İsrafil Məmmədovun və bir çox başqalarının adları bütün ölkəyə bəllidir.
Azərbaycan xalqının igid oğlu, adı dillər əzbəri olan partizan-kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıda ucaldılmış abidəsi Vətənimizi qorumaq üçün canından keçmiş qəhrəmanlara ümumxalq hörmət və məhəbbətinin parlaq ifadəsidir...
Azərbaycanın qəhrəman oğlunun xatirəsini sovet adamları ilə bərabər Yuqoslaviya və İtaliya xalqlarının yad etmələri bizi sevindirir. Qəhrəmanın məzarı doğma torpaqdan çox-çox uzaqlardadır. Lakin partizanın döyüş yoldaşları hər il, Mehdinin həlak olmasının ildönümü günündə onun məzarı üstünə çiçək dəstələri qoyurlar...”.
***
Respublikada mədəniyyət sahəsində nailiyyətlərin təşviqi, eyni zamanda nöqsanların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul olunurdu.
1972-ci il 28 aprel
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSR Dövlət mükafatlarının (iki ildən bir verilirdi; mədəniyyət sahəsi üzrə (ədəbiyyat, incəsənət və arxitektura) 3 mükafat nəzərdə tutulmuşdu) növbəti laureatları elan edilib.
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında “Mahnı dağlarda qaldı” tamaşasına görə – yazıçı İlyas Əfəndiyev, quruluşçu rejissor Əliheydər Ələkbərov, rəssam Nüsrət Fətullayev, artistlər İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Həsən Turabov, Amaliya Pənahova.
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Komandorun addımları” tamaşası (V.Korostılyovun rus şairi Puşkinin həyatından bəhs edən pyesi) üçün – quruluşçu rejissor Gülcahan Güləhmədova-Martınova, artistlər Konstantin Adamov, Anatoli Falkoviç, Anna Tumarkina.
“Azərbaycan mənzərələri” silsiləsinə görə – Xalq rəssam Səttar Bəhlulzadə.
1972-ci il 29 aprel
Azərbaycan KP MK, Azərbaycan SSR Nazirlər Soveti və AHIŞ-nin (respublika həmkarlar təşkilatı) qərarı ilə mədəni-maarif idarələrinin 1971-ci ildəki işinə ictimai baxışın yekunlarına görə keçici Qırmızı Bayraq və 2000 manat məbləğində birinci pul mükafatı Lənkəran rayonuna, 1500 manat məbləğində ikinci pul mükafatı Cəbrayıl rayonuna, 1000 manat məbləğində üçüncü pul mükafatı Qusar rayonuna verilib.
Qərarda mədəni-maarif idarələrinin fəaliyyətinə rəhbərlik sahəsində Bakı, Kirоvabad (Gəncə), Sumqayıt, Şəki şəhərləri, Naxçıvan, Stepanakert (Xankəndi), Zaqatala, Ağcabədi, Masallı, Tovuz, Göyçay, Qutqaşen (Qəbələ), İsmayıllı rayonları mədəniyyət idarələrinin müsbət işi, Ağsu, Astara, Yevlax, Puşkin (Biləsuvar), Saatlı, Qubadlı, Qazax və Cəlilabad rayonlarının mədəni-maarif işi məsələləri ilə zəif məşğul olduqları qeyd edilib. Mədəniyyət Nazirliyinə, yerlərdəki partiya-sovet orqanlarına mədəni-maarif idarələrinin işinə diqqəti gücləndirmək tapşırılıb.
1972-ci il 18 may
Respublika xalq maarifi və mədəniyyət işçilərinin bir qrupu ümumittifaq pioner təşkilatının 50 illiyi ilə əlaqədar və respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif ediliblər.
Həmçinin ümumittifaq pioner təşkilatının 50 illiyi ilə əlaqədar olaraq mədəni-maarif işçilərinə fəxri adlar (Əməkdar müəllim, Əməkdar mədəniyyət işçisi, Əməkdar mədəniyyət xadimi (bəstəkar Oqtay Zülfüqarov), Əməkdar kitabxana işçisi) verilib.
1972-cü il 4 noyabr
Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin qərarı ilə ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci ilin SSRİ Dövlət mükafatlarının (SSRİ Dövlət mükafatı 1967-ci ildən etibarən Böyük Oktyabr Sosialist inqilabının (7 noyabr) ildönümündə verilirdi) laureatları elan edilib. Azərbaycandan arxitektorlar Hənifə Ələsgərov, Ələsgər Hüseynov, memarlar İbrahim Zeynalov, Nicat Məmmədov (ölümündən sonra) “26 Bakı komissarları” memorial abidə kompleksinə görə SSRİ Dövlət mükafatına layiq görülüblər.
1972-ci il 26 dekabr
Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq SSRİ Xalq artisti, bəstəkar və dirijor Niyazi (Niyazi Zülfüqar oğlu Tağızadə) Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.
Hazırladı: V.Orxan