Əqli Mülkiyyət Agentliyi “Youtube” administrasiyasına müraciət edəcək

 

Azərbaycan folklor nümunələri ilə yanaşı, bəstəkarlarımızın mahnılarının da erməni ifaçılar tərəfindən mənimsənilməsi faktları geniş vüsət alıb.

Xalq artisti, bəstəkar Eldar Mansurov Əqli Mülkiyyət Agentliyinə müraciət edərək, bir neçə mahnısının erməni ifaçılar tərəfindən mənimsənildiyini bildirib, pozulmuş müəllif hüquqlarının bərpa olunmasına köməklik göstərilməsini xahiş edib.

Əqli Mülkiyyət Agentliyindən verilən məlumata görə,  aparılmış müvafiq araşdırma nəticəsində müəyyən edilib ki, Eldar Mansurovun “Bayatılar” (1988, söz – Vahid Əziz), “O gələndə” (1988, söz – Piruz Dilənçi), “Bir payız gecəsi” (1996, söz – Bəxtiyar Vahabzadə), “Yarı səndə, yarı məndə” (1998, söz – Nüsrət Kəsəmənli) və “Gecələr keçir” (2000, söz – Vahid Əziz) əsərləri müxtəlif illərdə ayrı-ayrı erməni musiqiçilər tərəfindən mənimsənilərək “Youtube” kanalında çoxsaylı ifalar yerləşdirilib.

Bildirilir ki, bəstəkarın sözügedən mahnıları Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb və müvafiq şəhadətnamə ilə dövlət reyestrinə daxil edilib.

Bununla belə, Eldar Mansurovun özünün razılığı ilə müəllifi olduğu mahnılar (xüsusilə “Bayatılar” mahnısı) müxtəlif ölkələrdə və dillərdə ifa olunub. Əcnəbi ifaçılar mahnının adını və sözlərini dəyişərək ifa etsələr də, musiqi müəllifi kimi Eldar Mansurovun adını göstəriblər.

Erməni ifaçılar tərəfindən bəstəkarın müəllif hüquqlarının pozulması faktları Əqli Mülkiyyət Agentliyi tərəfindən araşdırılıb və “Youtube” kanalında ermənilərin ifasında yerləşdirilən mahnıların Eldar Mansurovun musiqi əsərləri ilə tam olaraq üst-üstə düşdüyü müəyyən edilib. Bəstəkarın mahnılarının erməni mahnıları kimi təqdim olunması Azərbaycan və Ermənistanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, Dünya Əqli Mülkiyyət Təşkilatının müəlliflik hüququna, ifalar və fonoqramlara dair müqavilələrinin müddəalarının pozulması deməkdir.

Əqli Mülkiyyət Agentliyi qeyd olunan hüquq pozuntularının aradan qaldırılması tələbi ilə “Youtube” kanalında yerləşdirilmiş mahnıların Eldar Mansurova məxsus olduğunun göstərilməsi, əks halda “Youtube”dan çıxarılması üçün həmin kanalın administrasiyasına müraciət edəcək.