Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin 1999-cu ildə yazdığı və indiyədək ölkəmizdə və xaricdə bir sıra teatrlarda tamaşaya qoyulmuş “Varlı qadın” pyesi bu dəfə Mingəçevir Dövlət Dram Teatrında səhnəyə çıxacaq.
Səhnə əsərinə Xalq artisti Valeh Kərimov quruluş verir. Bu, tanınmış aktyorun rejissor kimi Mingəçevir teatrında hazırladığı sayca 3-cü tamaşadır. Valeh Kərimov “Varlı qadın”da əsas qəhrəmanı – Sarı rolunu da oynayacaq.
Ailə-məişət mövzusunda olan, eləcə də mənəvi məsələlərə toxunan, ailənin sevgi üzərində qurulmasının vacibliyi vurğulanan komediyada təsiredici və düşündürücü dramatik stiuasiyalar da əksini tapıb.
Məşqləri davam edən tamaşada teatrın direktoru Əməkdar artist İntiqam Soltan, Əməkdar artist Şıxı Yaqubov, Könül Hacıyeva, Məlahət Ağayeva, Asim Məmmədov, Firuz Hacıyev, Nargilə Abdullayeva, Aytən İsmayılova, Paşa Salmanov, həmçinin gənc həvəskar aktyorlarımız Cavidan Abdullayev, Rəvan Adil, Aydın Quliyev, eləcə də Bakıdan dəvət edilmiş tanınmış aktyor Natiq Fərzəliyev rol alıblar.
Səhnə tərtibatını Əməkdar rəssam Rafael Həşimov verir. Tamaşa mart ayında tamaşaçılara təqdim olunacaq.