AKİ milli filmlərin nümayişini həyata keçirəcək

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) yenidən film nümayişlərinə başlayır. İttifaqdan bildirilib ki, yanvarın 31-də “Azərbaycan” kinoteatrında üç rejissorun – Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu”, Elvin Aşirovun “Eviniz haradadır?” sənədli filmləri nümayiş olunacaq. Baxışdan sonra tamaşaçılarla yaradıcı heyət arasında müzakirələr aparılacaq.

AKİ-dən o da bildirilib ki, bu il Azərbaycan kinosunun 125 illiyi, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyidir və bu səbəbdən klassik milli filmlərimizin nümayiş proqramı da planlaşdırılır. Keçən il reallaşan “Dünya şedevrləri Azərbaycan dilində” proqramı da bu il davam edəcək.

Qeyd olunub ki, mütəmadi nümayişlər milli filmlərin təbliği və zövqlü tamaşaçı ordusunun formalaşması yaradıcılıq ittifaqının prioritet məqsədlərindəndir.