Musa Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş konsert
Yanvarın 26-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevin (1933-2016) 90 illik yubileyinə həsr olunmuş konsert keçirildi.
Musiqi axşamının tamaşaçıları arasında mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri, musiqisevərlər var idi.
Konsertdən öncə Əməkdar mədəniyyət işçisi, musiqişünas Səadət Təhmirazqızı bəstəkarın yaradıcılığından söz açdı. Bildirildi ki, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) dahi Qara Qarayevin sinfində bəstəkarlıq təhsili alan Musa Mirzəyev milli musiqi mədəniyyəti xəzinəmizi zənginləşdirən çoxsaylı əsərlərin müəllifidir.
Bəstəkarın yaradıcılığında simfonik və kamera musiqisi əsərləri xüsusi yer tutur. Onun monumental “I simfoniya”, “Simfonietta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar, eləcə də “Sədini oxuyarkən”, “Bayram poeması”, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası və s. əsərləri, vokal silsilələri, mahnıları yüksək peşəkarlığının təzahürüdür. Bəstəkar 1993-cü ildən ömrünün sonunadək BMA-da peşəkar musiqiçilər nəslinin yetişməsinə töhfələr verib.
Sonra söz musiqiyə verildi.
Gecədə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Fəxrəddin Kərimov) çıxış etdi. Solistlər Aygün Mübariz (soprano), Çinarə Heydərova (qanun), Rövşən Əmrahov (violin), İlyas Mirzəyev (piano), Emin Eminli (tar) və Cəfər Həsənov (nağara) bəstəkarın “Üzeyir Hacıbəyliyə ithaf”, “Kamera orkestri üçün simfoniya”, “Yumoreska”, “Bahar” romansı, “Tələbə valsı” və digər əsərlərini səsləndirdilər.