Bakı Xoreoqrafiya Akademiyasında (BXA) SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın (1927-1999) anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə BXA-nın müəllimləri yaddaşlarda gözəl insan, peşəkar pedaqoq kimi silinməz iz qoyan balet və klassik rəqs məktəbinin əvəzolunmaz siması Leyla Vəkilova haqqında xatirələrini bölüşüblər.
Bildirilib ki, Leyla Vəkilova Azərbaycanda milli balet məktəbinin inkişafında mühüm rol oynayıb. O, rəqslərində xüsusi ifa tərzi, incəliyi ilə seçilirdi. Yüksək səhnə mədəniyyətinə və ifa texnikasına malik sənətkar idi. Peşəkar pedaqoq kimi hər zaman tələbələrinə dəstək verir, onların qayğısına qalırdı. İndiki BXA-da dərs deyən sənətkar xoreoqrafiya sahəsində milli kadrların hazırlanmasında əvəzsiz rol oynayıb. Onun yetirmələri bu gün də sənət fəaliyyətlərini uğurla davam etdirirlər.
Sonda Babək Abbaszadənin görkəmli balet artistinin həyat və yaradıcılığından bəhs edən “Qanadlı xatirələr” sənədli filmi nümayiş etdirilib. Filmdə Leyla Vəkilovanın müxtəlif illərdə A.Adanın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, L.Minkusun “Don Kixot”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, S.Hacıbəyovun “Gülşən” və digər balet tamaşalarındakı ifaları təqdim olunub.