Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın 70 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Gecədə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Solistlər Xalq artisti Gülnaz İsmayılova (soprano), respublika və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (piano) və Fəxri Kazım-Nicatın (tenor) ifasında bəstəkarın əsərləri səsləndirilib.
Dahi bəstəkar Qara Qarayevin tələbəsi olan Elnarə Dadaşova müxtəlif janrlarda 100-dən artıq əsər yazıb. Fortepiano əsərləri onun yaradıcılığında məxsusi yer tutur. Müəllifin “24 prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri bu mənada diqqətçəkən nümunələrdir. Polifoniya, solfecio üzrə beş dərs vəsaitinin, xor üçün toplular və tədris proqramlarının müəllifi olan bəstəkar hazırda Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirir.
Lalə Azəri