Liverpul “Avroviziya” estafetini qəbul edib
Ötən il “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin keçirildiyi İtaliyanın Turin şəhəri estafetini builki ev sahibinə – Böyük Britaniyanın Liverpul şəhərinə rəsmən təhvil verib.
Liverpul şəhərindəki “Müqəddəs Georgi” zalında yarımfinalçıların püşkatma mərasimi keçirilib. Səsvermənin yeni qaydalarına əsasən, finala vəsiqə bütün dünya üzrə tamaşaçıların səsverməsinin nəticələrinə əsasən müəyyən olunacaq.
Xatırladaq ki, 2022-ci ildə müsabiqədə Ukraynanın “Kalush Orchestra” qrupu birinci olsa da, bu ölkə müharibə səbəbindən müsabiqəni qəbul edə bilməyib. Nəticədə ikinci yeri tutan Böyük Britaniya “Avroviziya” müsabiqəsini keçirmək hüququ əldə edib.
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yarımfinalda birinci qrupda yarışacaq. Qrupda ölkəmizlə yanaşı, Serbiya, Latviya, İrlandiya, Norveç, Portuqaliya, Xorvatiya, Malta, İsveç, Moldova, İsveçrə, İsrail, Niderland, Finlandiya və Çexiya yer alıb. Ümumilikdə isə Liverpulda keçiriləcək müsabiqəyə 37 ölkə nümayəndələrini göndərəcək.
Müsabiqənin əsasını qoyan ölkələr – Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, həmçinin ötən ilin qalibi kimi Ukrayna avtomatik olaraq finalda iştirak edəcək.
“Avroviziya” mahnı müsabiqəsi 1956-cı ildən başlayaraq hər il (pandemiya səbəbindən ləğv edildiyi 2020-ci il istisna olmaqla) keçirilir.
Bu il şüarı “Musiqi ilə birləşənlər” olan müsabiqənin yarımfinalları mayın 9-da və 11-də, finalı isə mayın 13-də keçiriləcək.
***
Bu arada Liverpuldakı yarışmada ölkəmizin təmsilçiliyi ilə bağlı seçim hələ davam edir. “Avroviziya – 2023” Azərbaycan nümayəndə heyətinin mətbuata açıqlamasında seçimin son mərhələsinə beş ifaçının qaldığı qeyd olunur.
Açıqlamada seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifələrində yaydıqları böhtan xarakterli iddialara da münasibət bildirib. “Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və bu prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq”, – deyə məlumatda diqqətə çatdırılır.