ABŞ-nin Los-Anceles şəhərində 65-ci “Grammy” musiqi mükafatının təqdimat mərasimi keçirilib.
Fevralın 5-də (Bakı vaxtilə fevralın 6-na keçən gecə) “Crypto.com” arenasında gerçəkləşən mərasimin ən çox sevinəni Beyonse olub. Baxmayaraq ki, amerikalı müğənni təqdim edildiyi doqquz nominasiyadan yalnız birində mükafat (“Renaissance” albomu – ilin elektron və rəqs valları arasında ən yaxşısı) qazanıb, bu onun karyerasında sayca 32-ci “Grammy” heykəlciyidir.
Bununla Beyonse “Grammy” tarixində rekord göstəriciyə nail olub. Bundan əvvəlki rekord – 31 “Grammy”yə layiq görülən dirijor Georq Şoltiyə məxsus idi.
Lizzo və onun “About Damn Time” kompozisiyası ən yaxşı səs yazısı üzrə mükafat qazanıb. Müğənni Bonni Raytın “Just Like That” kompozisiyası ilin ən yaxşı mahnısı seçilib. Samara Coy “ən yaxşı gənc artist” nominasiyasında, Harri Staylz “Harry’s House” valına görə “ilin ən yaxşı albomu” nominasiyasında mükafat qazanıb. Teylor Sviftin “All Too Well” (10 Minute Version) videoçarxı da “Grammy” mükafatçıları sırasında yer alıb.
“Sosial dəyişikliklər üçün ən yaxşı mahnı” nominasiyasında mükafata isə İran əsilli Şervin Hacipur (“Baraye” mahnısı) layiq görülüb. Onun mahnısı ötən il İranda başlanan rejim əleyhinə kütləvi etiraz hərəkatının himninə çevrilib. Mükafatı qalibə ABŞ Prezidentinin xanımı Cill Bayden təqdim edib. Qeyd edək ki, ötən ay (11 yanvar) dəri xərçəngi ilə bağlı keçirdiyi cərrahiyə əməliyyatından sonra ABŞ-ın birinci ledisi ilk dəfə “Grammy” mərasimində ictimaiyyət qarşısına çıxıb.