Rus klassik musiqisinin görkəmli nümayəndələrindən söz düşəndə, ilk xatırlananlardan biri də bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninovdur. O, bənzərsiz əsərləri ilə də dünyanın musiqi salnaməsinə solmaz səhifələr yazıb. Bu il bəstəkarın anadan olmasının 150 illiyidir.
Sergey Vasilyeviç Raxmaninov 1 aprel 1873-cü ildə Rusiyanın Novqorod quberniyasında musiqiçi ailəsində dünyaya göz açıb. Babası Arkadi Aleksandroviç həvəskar pianoçu və bəstəkar olub. Atası da musiqi ilə maraqlanıb. Ona görə də Sergey erkən çağlardan musiqiyə maraq göstərib. Fortepiano dərsləri üzrə ilk müəllimi isə anası olub. O, xatirələrində yazır ki, ilk əvvəllər musiqidən heç xoşu gəlməzmiş... Ancaq babası onda musiqiyə dərin maraq yarada bilir. Bir müddət sonra babası ilə fortepianonu birgə ifa edirlər. Sergey Raxmaninov 8 yaşında valideynləri ilə birgə Sankt-Peterburq şəhərinə köçürlər. 1882-ci ildə sənədlərini Sankt-Peterburq Konservatoriyasına verir. O, aşağı yaş fortepiano sinfinə qəbul edilir. Qeyri-adi yaddaş və musiqi duyumu olan Sergey 18 yaşında fortepiano sinfi üzrə məşğələləri uğurla başa vurur. İfaçılıq və bəstəkarlıq fəaliyyətinə görə qızıl medalla təltif edilir. Buraxılış imtahanı üçün 17 günə bir aktlı “Aleko” (Puşkinin “Qaraçılar” poeması üzrə) operasını bəstələyib təqdim edir. Opera Moskva Konservatoriyasının buraxılış komissiyası tərəfindən bəyənilir və yüksək qiymətləndirilir. İmtahanda iştirak edən dahi bəstəkar Pyotr Çaykovski bu əsərə görə ona üç üstəgəllə “beş” verir. Bir il sonra 19 yaşlı bəstəkarın operası Böyük Teatrda səhnəyə qoyulur.
Bu uğur Sergey Raxmaninova əlavə yaradıcılıq ruhu bəxş edir. Ancaq o, bu uğurdan arxayınlaşmır, daim yaradıcılıq axtarışları aparır. Buna baxmayaraq, gənc bəstəkarın 1-ci simfoniyası dinləyici və tənqidçilər tərəfindən birmənalı qarşılanmır. O, bu tənqiddən bərk sarsılır. Məşhur həkim və psixoloq N.V.Dal ona məsləhətlər verir. Bundan sonra özünə gələ bilir. Minnətdarlıq olaraq bəstəkar 2-ci fortepiano konsertini həmin həkimə həsr edir. Sonra bəstəkar qısa vaxt ərzində “Sıldırım” simfonik fantaziyası, iki fortepiano üçün süita, “Musiqi anları”, “Prelüdiya do-diyez minor”, “Yanımda oxuma, gözəl”, “Sirli gecənin susqunluğu”, “Adacıq”, “Yaz suları” romanslarını və bir sıra başqa əsərlərini yazır. Həmin ərəfədə onun sevimli müəllimi P.Çaykovski 1893-cü ildə vəfat edir. O, dahi bəstəkarın ölümünə fortepiano, skripka və violonçel üçün “Dahi sənətkarın xatirəsinə” hüznlü triosunu yazır.
S.Raxmaninov 1897-ci ildə Savva Momontovun Moskva Xüsusi Rus Operasına dəvət olunur. O, burada tamaşalara dirijorluq edir. Bununla da onun beynəlxalq ifaçılıq karyerası başlayır. Bəstəkarın xarici ölkələrdə ilk çıxışı 1899-cu ildə Londonda reallaşır. Bir il sonra İtaliyada çıxış edir. Sonra məşhur müğənni Fyodor Şalyapinlə bir ansamblda iştirak edir. S.Raxmaninov 1904-cü ildə Böyük Teatrda dirijor kimi işə qəbul olunur. O, bu teatrda uzun müddət fəaliyyət göstərir.
1917-ci ildə Rusiyada Oktyabr inqilabı baş verir. Ardınca hərbi çevriliş olur. Bolşeviklər hakimiyyəti ələ alırlar. Bir çox yaradıcı insanlar kimi, Sergey Raxmaninov da siyasətdən və inqilabi işlərdən uzaq durur. Bütün bunlara baxmayaraq, o, vətəni üçün narahatlıq keçirir. Bolşeviklərin həyata baxışları ilə barışa bilmədiyinə görə də Rusiyanı birdəfəlik tərk edir. O, əvvəlcə Danimarkaya gedir. Bir il burada yaşayır və çoxsaylı konsertləri ilə ictimaiyyət qarşısında çıxış edir. 1918-ci ildə Amerikaya köçüb Rod-Aylend ştatında məskunlaşır. Providens şəhərciyində ilk konsertini verir. Tamaşaçıların sevgisini qazanan bəstəkar 25 il bu şəhərdə yaşayıb-yaradır. Amerikada çıxış edən xarici ifaçılar arasında heç kimə nəsib olmayan uğur qazanır.
Musiqisevərlər, xüsusilə də sənətşünaslar S.Raxmaninovu “gecikmiş romantik” adlandırıblar. Araşdırmalarda qeyd edilir ki, o, bir müddət müasir musiqinin yeniləşmə meyillərindən uzaq düşür. Əsərlərində daha çox romantik dövrdən miras qalan ifadə vasitələrinə müraciət edir. Yaratdığı nikbin və faciəvi obrazlar insan qəlbinin ən kövrək hisslərinə toxunur.
Bəstəkar mühacir kimi yaradıcılıq fəaliyyəti dövründə dirijorluq fəaliyyəti ilə, demək olar ki, məşğul olmayıb. Çox nadir hallarda öz əsərləri ifa olunarkən dirijorluq edib. O, Boston simfonik orkestri və Sinsinnati şəhər orkestrinin rəhbəri postuna dəvətlər alsa da, razılıq verməyib.
S.Raxmaninov II Dünya müharibəsi illərində faşizmlə mübarizə aparan vətəninə yardım göstərmək məqsədilə ABŞ-da silsilə konsertlər verir. Yığılan pulları sovet ordusunun fonduna köçürür.
Bəstəkarın yaradıcılıq qalereyasında 80-dən çox romans, konsert, simfoniya, prelüd, etüd, opera yer alıb. Müəllifin romansları da ona böyük şöhrət qazandırıb. “Burada yaxşıdır”, “Yanımda oxuma, gözəl”, “Bahar suları”, “Yuxu” və digər romansları dünya vokal musiqi xəzinəsinə daxil edilib.
Sergey Raxmaninov 28 mart 1943-cü ildə, 70 yaşında Nyu-Yorkda vəfat edib, şəhərdəki rus qəbiristanlığında dəfn olunub.
Savalan Fərəcov