Bir neçə nəslin nümayəndələri muğamı Arif Babayevin ifasında dinləyib seviblər
Azərbaycan muğam ifaçılığında özünəməxsus dəst-xətti ilə seçilən, xalq tərəfindən sevilən görkəmli xanəndələrimiz çox olub. Muğamlarımızın mahir ifaçısı və bilicisi, Xalq artisti Arif Babayev də belə ustad sənətkarlardan biridir. Ömrünün böyük hissəsini bu ulu sənətin inkişafına və təbliğinə həsr edən qocaman xanəndə bu il 85 yaşını qeyd edir.
Fevralın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenli Arif Babayevin yubileyinə həsr olunmuş konsert keçirildi.
Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və digər qonaqlar iştirak edirdilər.
Konsertdən əvvəl jurnalistlərə müsahibə verən görkəmli xanəndə sənətinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür etdi, yubiley gecəsinin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.
Tədbirdə Mədəniyyət Nazirliyinin kollektivi adından yubilyara ünvanlanan təbrik məktubu oxundu. Məktubda Arif Babayevin zəngin ənənələrə malik Qarabağ muğam məktəbi ustadlarının sənət yolunu uzun illərdir layiqincə davam etdirərək həm bənzərsiz ifası ilə, həm də təcrübəli xanəndə-pedaqoq kimi fəaliyyəti ilə Azərbaycan muğam sənətinə, xalq musiqisinə böyük töhfələr verdiyi vurğulanır. Bildirilir ki, xanəndənin muğam operalarında yaratdığı yaddaqalan obrazlar sənət salnaməmizin parlaq səhifələrini təşkil edir.
Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti, professor Siyavuş Kərimi çıxışında qeyd etdi ki, Arif Babayev mahir muğam ifaçısı kimi təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində və Türk dünyasında şöhrət qazanıb. Onun ifa etdiyi “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah” və “Segah” muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları musiqi mədəniyyətimizin xəzinəsinə daxil olub. Arif Babayev müxtəlif illərdə “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Məcnun, Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl, “Gəlin qayası”nda Camal rollarının ən mahir ifaçılarından olub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirdi ki, bir neçə nəslin nümayəndələri muğamı Arif Babayevin ifası ilə dinləyib seviblər. Azərbaycan muğam ifaçıları arasında ilk dəfə professor elmi adına layiq görülən müğənni məhz Arif Babayevdir. O, hazırda Azərbaycan Milli Konservatoriyasında Muğam kafedrasının müdiridir. Onun tələbələri həm ölkə daxilində, həm də xaricdə muğamımızı uğurla təbliğ edirlər.
Daha sonra tamaşaçıların gur alqış sədaları altında yubilyar səhnəyə dəvət olundu.
Gecədə Xalq artistləri Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar artistlər Cabir Abdullayev, Təyyar Bayramov, Firuz Səxavət, Zakir Əliyev, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Səbuhi İbayev, Elnur Zeynalov, Sevinc Sarıyeva, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Aytən Məhərrəmova, Vüqar Əliyev, Hüseyn Məlikov, Mirələm Mirələmov, Rəvanə Əmiraslanlı, Günay İmamquluyeva, Xəyal Hüseynov və Orxan Hüseynli ustad xanəndənin repertuarından musiqi nümunələrini səsləndirdilər.
Proqramda B.Kərimovun “Bəxtiyaram mən”, A.Babayevin “Tar-kamanım, gəl-gəl” və “Qurban edim”, “Mahur” təsnifi, xalq mahnısı “Gəl-gəl”, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından parça, N.Məmmədovun “Mən dünyada olmayanda”, Ş.Axundovanın “Neyçün gəlməz?”, R.Mustafayevin “Elə bağlıyam”, “Qarabağ şikəstəsi” və digər musiqilər ifa olundu.
İfaçıları Xalq artistləri Firuz Əliyev, Elçin Həşimov (hər ikisi tar), Elşən Mansurov (kamança), Əməkdar artistlər Rauf İslamov, İsmayıl Həmidov, Xəyyam Məmmədov, Elnur Əhmədov (hamısı kamança), Ələkbər Ələkbərov, Əliağa Sədiyev (hər ikisi tar), həmçinin Elman Sadıqov, Rəşad İbrahimov, Altay Niftəliyev (hər üçü tar) və Təbriz Yusubov (kamança) müşayiət edirdilər.
N.Məmmədli