Azərbaycan da təmsil olunub

 

Parisdə UNESCO Katibliyinin və Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Günü qeyd olunub.

Qurumun mənzil-qərargahında keçirilən tədbirdə Azərbaycan da daxil olmaqla 22 ölkənin daimi nümayəndəliyi iştirak edib.

UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini çıxış edərək ana dili, yerli dillərin qorunmasının vacibliyi, ana dilinə əsaslanan təhsildən danışıb. Qeyd edib ki, dünyada danışılan 6700-dən çox dilin ən azı 40 faizi uzunmüddətli perspektivdə yox olmaq təhlükəsi ilə üzləşə bilər.

İştirakçı ölkələrin UNESCO yanında daimi nümayəndəliklərinin Beynəlxalq Ana Dili  Günü münasibətilə hazırladıqları videolar yayımlanıb. Hər ölkənin təqdimatı ana dillərində “Mən öz ana dilimdə danışıram, mən öz ana dilimi sevirəm” şüarı altında gerçəkləşib.

Tədbir çərçivəsində ölkələr musiqi, poeziya, rəqs vasitəsilə mədəniyyətlərini təqdim ediblər. Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin təqdimatına “Uzundərə” xalq rəqsimiz rəng qatıb.

Beynəlxalq Ana Dili Günü UNESCO tərəfindən 1999-cu ildə Banqladeşin təşəbbüsü ilə elan edilib. Bu günün tarixi 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan (o vaxt Banqladeş Pakistanın tərkibində idi) dörd tələbənin öldürülməsi ilə bağlıdır. Həmin hadisəni ana dili uğrunda mübarizənin təcəssümü olaraq bəşəriyyətin yaddaşında yaşatmaq üçün bu gün təsis olunub.