Vyanadakı Müqəddəs Peter kilsəsində Xocalı qətliamının 31-ci ildönümü ilə əlaqədar silahlı münaqişələrin mülki qurbanlarının xatirəsinə ithaf edilən orqan musiqisi əsərlərindən ibarət konsert keçirilib.
Rekviyem-konsert fevralın 24-də Azərbaycanın Avstriyadakı Səfirliyinin təşkilatçılığı, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və “Culture Meeting Point” təşkilatının dəstəyi ilə gerçəkləşib. Tədbirdə Milli Məclisin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Vyanada akkreditasiya olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Ölkəmizin Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər. Qeyd edilib ki, 613 nəfərin vəhşicəsinə öldürüldüyü Xocalı faciəsi Ermənistanın Azərbaycana hərbi təcavüzü dövründə mülki əhaliyə qarşı törətdiyi ən böyük qətliam idi. Diqqətə çatdırılıb ki, dünyada bir sıra silahlı münaqişələr zamanı, o cümlədən Xocalıda törədilmiş beynəlxalq cinayətlərə hələ də lazımi diqqət yetirilməyib. Cəzasızlıq təkcə beynəlxalq hüquqa və insan hüquqlarına zidd deyil, həm də davamlı sülh və həqiqi barışıq üçün maneədir. Gələcəkdə belə pozuntuların baş verməməsi üçün hərbi cinayətlərə görə məsuliyyətin təmin edilməsi vacibdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Xocalı faciəsi və Qarabağ haqqında həqiqətlər dünyada tanıdılır, bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb.
Sonra avstriyalı orqan ifaçısı İnes Şüttenqruber konsert proqramı ilə çıxış edib. Konsert-rekviyemdə Yohann Sebastian Bax, Feliks Mendelson, Yohann Brams, Leon Boellmann ilə yanaşı, Almaniyada yaşayan azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın “Baxın muğamla görüşü” adlı solo orqan əsəri də yer alıb.