Beynəlxalq Muğam Mərkəzində (BMM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə” adlı konsert keçirildi.  

BMM və “Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam” İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 23-də reallaşan konsertdən öncə iki qardaş ölkənin Dövlət himnləri səsləndirildi. Sonra Vətən müharibəsi şəhidləri və fevralın 6-da Türkiyədə baş vermiş zəlzələlər zamanı həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışdı. Qeyd etdi ki, dahi siyasətçi Türk dünyasının birliyi və bərabərliyi uğrunda misilsiz işlər görüb. Ulu öndərin yüksək ideyaları, amalları bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.

Türkiyəli müğənni Orxan Çakmak qeyd etdi ki, Heydər Əliyevin hər zaman diqqət yetirdiyi Türkiyə-Azərbaycan birliyi bu iki qardaş ölkə ilə məhdudlaşmır, bütövlükdə Türk dünyasının güclənməsində də böyük rol oynayır: “Hazırda Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bizi birləşdirən tarixi köklər, həm də mədəni əlaqələrdir”. 

Çıxışlardan sonra rəngarəng konsert proqramı təqdim edildi. “Buta” ansamblının (bədii rəhbər Rövşən Qurbanov) müşayiəti ilə Əməkdar artist Nuriyyə Hüseynova, solistlər Orxan Çakmak və Çilənay Hüseynovanın ifalarında xalq və bəstəkar mahnıları səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.

S.Fərəcov