Azərbaycan musiqiçiləri Avstriya paytaxtında keçirilən ənənəvi akkordeon festivalında ilk dəfə iştirak ediblər. Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblı festival çərçivəsində Vyana şəhərinin “Porgy & Bess” caz klubunda konsert verib.

24-cü Vyana Beynəlxalq Akkordeon Festivalı bu il 25 fevral – 26 mart tarixlərində keçirilir. Konsertdən öncə elan edilib ki, festival dünyanın müxtəlif ölkələrindən peşəkarları və yeni istedadları bir araya gətirir, bir ay boyunca Vyanada müxtəlif məkanlarda konsertlər təşkil edilir. Ölkəmizin ilk dəfə bu festivalda təmsil olunmasına, uğurlu əməkdaşlıq və dəstəyə görə təşkilatçılar adından Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi təşəkkür elan edilib.

Vyanada musiqisevərlərin sevimli məkanlarından birində anşlaqla keçən konsertdə məşhur caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları əsasında hazırlanmış kompozisiyalarla yanaşı, Ənvər Sadıqov və Emil Əfrasiyabın müəllifi olduğu əsərlər də böyük maraqla qarşılanıb. Dahi bəstəkarlar Volfqanq Amadey Motsart və Üzeyir Hacıbəylinin əsərləri əsasındakı kompozisiya xüsusilə alqış doğurub. Eyni zamanda silahlı münaqişələr və təbii fəlakətlər zamanı həlak olmuş insanlara ithaf olaraq ifa edilən “Atama məktub” əsəri kövrək və duyğulu ab-hava yaradıb.

Azərbaycan milli musiqi alətlərində ifalar konsertə xüsusi rəng qatıb. Musiqi axşamına Qara Qarayev və Rauf Hacıyevin əsərlərindən ibarət kompozisiyalarla yekun vurulub.

Konsert “Porgy & Bess“ caz klubunun canlı yayım portalı vasitəsilə yayımlanıb, eləcə də “Emap.fm” internet radio kanalı vasitəsilə səs yazısı olaraq qeydə alınıb.