Fikrət Əmirovun ecazkar musiqisi və Eldar Əliyevin xoreoqrafiyası
Sankt-Peterburqun Mariinski Teatrının yeni səhnəsində teatrın Primorsk filialı (Vladivostok) balet truppasının növbəti qış qastrol proqramında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin tamaşalarının təqdimatı böyük əks-səda yaradıb.
21 fevral – 2 mart tarixlərində gerçəkləşən qış qastrol proqramında “Min bir gecə” üç dəfə nümayiş olunub. Baletin budəfəki nümayişləri Mariinski Teatrının direktoru və bədii rəhbəri, görkəmli dirijor Valeri Gergiyevin dəvəti ilə təşkil olunub.
Fikrət Əmirovun möhtəşəm əsəri ilə bərabər Mariinski Teatrının tarixi və yeni səhnələrində P.Çaykovskinin “Şelkunçik” və A.Adanın “Korsar” baletlərinin tamaşası da böyük sənət bayramına çevrilib. Bütün tamaşalar məşhur azərbaycanlı xoreoqraf, Rusiyanın Əməkdar incəsənət xadimi, teatrın baş baletmeysteri Eldar Əliyevin quruluşunda göstərilib.
Qastrolun ən yaddaqalan hadisələrindən biri kimi qeyd olunan “Min bir gecə” baletinin bütün tamaşaları tam anşlaqla keçib və Sankt-Peterburqun balet həvəskarları tərəfindən sürəkli alqışlarla qarşılanıb. Tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə çıxış edib. Baletdə əsas rolları Sergey Umanets, Liliya Berejnova, Renata Şakirova, Arina Naqase, Viktor Mulıgin, Saki Nisida və Qulyelmo Junio ifa ediblər.
Tamaşanın musiqisində xüsusi yeri olan tar partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər. Solo soprano bölümünü Anastasiya Kikot böyük məharətlə təqdim edib.