Milli teatr sənətinin qayğıkeşi Heydər Əliyevin yarım əsr öncə söylədikləri indi də aktualdır...
10 mart Milli Teatr Günüdür. Bu gün Azərbaycanda peşəkar milli teatrın yaranmasının 150 illiyi tamam olur. Əlamətdar ildönümü bu günə təsadüf etsə də, yubiley tədbirləri ilin sonunadək davam edəcək. Çünki 150 il əvvəl zəngin tarixə malik xalq teatr ənənələrimizin, kökləri qədim folklorumuza bağlı səhnə sənətimizin peşəkar müstəviyə qədəm qoyması təkcə mədəniyyət tariximiz üçün deyil, ümumilikdə ictimai həyatımız üçün də müstəsna əhəmiyyətli hadisə idi.
Prezident İlham Əliyevin Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi haqqında sərəncamında da vurğulandığı kimi, Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanıb, cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərib. Ədəbi fikir tariximizin görkəmli nümayəndələri xalqa müraciət üçün teatr səhnəsindən yüksək xitabət kürsüsü kimi istifadə ediblər.
Azərbaycanda peşəkar milli teatrın yubileyi ilk dəfə dövlət səviyyəsində, böyük təntənə ilə yarım əsr öncə qeyd edilib. Düzdür, 100 illik yubiley bir il ertələmə ilə, 1974-cü ildə keçirilmişdi, amma bu, Azərbaycanın mədəniyyət tarixində o dövr üçün ən möhtəşəm yubiley mərasimi idi. Mədəniyyətimizin və incəsənətimizin böyük himayədarı, milli teatr sənətimizə hər zaman xüsusi qayğıkeşliklə yanaşan Heydər Əliyev mərasimdə geniş məzmunlu, proqram səciyyəli nitq söyləmişdi. Yarım əsr öncə deyilən o fikirlərin bir çoxu indi də aktualdır.
Azərbaycan peşəkar milli teatrının 100 illik tarixinə və həm də gələcək inkişafına nəzər salınan həmin nitqdən əsas fikirləri oxucuların diqqətinə təqdim edirik.
***
...Yüz il bundan əvvəl ictimai və dini köləliyin zülmət səltənətində Azərbaycan dram sənətinin ilk qığılcımı parladı. Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” pyesinin tamaşası ilə Azərbaycan teatrının təməli qoyuldu.
Şərqdə ilk teatr olan Azərbaycan teatrı maarifçilik və azadlıq ideyalarının carçısına çevrildi, köhnə dünyanı dağıdıb alt-üst etməkdə mühüm rol oynadı. O, zamanın qatı qaranlığını yararaq parlaq gələcəyə yol açan, insanların şüurunu, qəlbini oyadan, onları azadlıq, səadət naminə hünərlər göstərməyə ruhlandıran bir məşəl idi... O, Azərbaycanda mütərəqqi ictimai fikrin təşəkkül və inkişafında fəal iştirak etmiş, öz xalqının mənəvi xəzinəsini zənginləşdirmiş... və indi də qabaqcıl ideya mövqelərində durmaqdadır.
Azərbaycan dram teatrının yüzillik yubileyi respublikamızın həyatında böyük mədəni və siyasi əhəmiyyətli hadisəyə, bütün çoxmillətli sovet teatrının bayramına çevrilmişdir.
Maksim Qorki gözəl demişdir ki, həyatın əsl tarixini sənət xadimləri yazırlar. Bu sözləri bilavasitə dram sənətinə də aid etmək olar. Azərbaycan xalqının ictimai zülmdən xilas olmaq uğrunda, tərəqqi uğrunda, yeni həyat uğrunda mübarizəsini əks etdirən Azərbaycan teatr sənətinin tarixi buna bariz sübutdur.
Teatrımız yeni dünya quruculuğunda bilavasitə iştirak etməyə başlayanadək bir çox illər boyu enişli-yoxuşlu yollarla getmiş, ağır sınaqlara məruz qalmış, xalqa zidd mürtəce qüvvələrə qarşı şiddətli ideoloji mübarizə aparmalı olmuşdu. Görkəmli mədəniyyət xadimləri Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov ilk dərin şırım açaraq Azərbaycan teatr sənətinin toxumunu səpmiş, onun cücərtilərini inqilabdan əvvəlki dövrün şiddətli qasırğalarından hifz edib qorumuşdular.
Azərbaycan teatrının beşiyi başında dahi mütəfəkkir, materialist filosof, Azərbaycan dramaturgiyasının atası Mirzə Fətəli Axundov dayanmışdı... Əlamətdar haldır ki, Mirzə Fətəli Axundovun ölməz komediyaları ilk dəfə müəllifin öz tərcüməsi ilə Peterburqda və Tiflisdə rus səhnəsində tamaşaya qoyulmuşdur. Müəllifin ana dilində ilk tamaşası yalnız iyirmi il sonra, 1873-cü ilin martında Bakıda göstərildi. Əsəri maarifçi demokrat Həsən bəy Zərdabi öz şagirdlərindən Nəcəf bəy Vəzirovun və Əsgər Adıgözəlovun yaxından iştirakı ilə tamaşaya qoymuşdu.
Azərbaycan teatrının meydana gəlməsi Azərbaycanda mütərəqqi ictimai-siyasi fikrin bütün inkişafı gedişində hazırlanmışdı. Azərbaycan teatrı lap əvvəldən realist teatr kimi təşəkkül tapmış, öz banilərinin arzuladıqları kimi, “həyat məktəbi”, “əxlaqı saflaşdırmaq vasitəsi” olmuşdu.
N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, N.Nərimanovun “Nadanlıq” pyeslərinin qəhrəmanları öz qəlblərinin ən gözəl, ən nəcib hiss və duyğularını doğma yurda, başı bəlalar çəkmiş xalqa həsr etmişdilər.. Belə ağır bir şəraitdə dramaturgiyanın qəhrəmanları öz müqəddəs arzularına çatmayaraq həlak olurdular. Lakin onlar həlak olduqda da tamaşaçıya yüksək ideallar aşılayır, xalqı mənəvi cəhətdən yüksəltmək kimi böyük bir işə xidmət etməyi ona öyrədirdilər.
Azərbaycan teatrının şöhrəti ildən-ilə artırdı. Bakıda olduğu kimi, Naxçıvanda, Şuşada, Gəncədə, Şamaxıda, Şəkidə, habelə Tiflisdə, İrəvanda, Təbrizdə və Aşqabadda da Azərbaycan dilində tamaşalar qoyulurdu.
Hüseyn Ərəblinski, onun həmkarları və məsləkdaşları olan Sidqi Ruhulla, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mahmud Kazımovski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Əbülfət Vəli və başqaları teatrın özünü qoruyub saxlamaq uğrunda daimi, hətta fədakarcasına mübarizə şəraitində xalqı Azərbaycan və rus dramaturqlarının, dünya dramaturgiyası klassiklərinin ən yaxşı əsərləri ilə tanış edirdilər.
Azərbaycan dram teatrının fədailəri necə çətinliklərə və məhrumiyyətlərə rast gəlsələr də, irəliyə inamla baxırdılar. Ə.Haqverdiyev yazırdı: “Artistliyin yolları ağır və tikan ilə doludur. Ayağa batan tikanların ağrılarına qəyuranə davam edib mərdanə getməyin axırda işıqlı bir mənzilə yetirməyi şübhəsizdir”.
1908-ci ildə Bakıda ilk milli operanın - Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının tamaşası ilə musiqili teatr meydana gəldi. Çox keçmədən musiqili komediyalar, vodevillər yaradılmağa başladı.
1916-cı ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi tamaşaya qoyulduqda cəhalətpərəstlər arasına necə vəlvələ düşdüyünü xatırlayaq. Bu tamaşa ətrafında şiddətli bir mübarizə başlanmışdı. Mürtəce tənqidçilər pyesin və tamaşanın ideya əhəmiyyətini, bədii məziyyətlərini kiçiltməyə çalışır, müəllifə mənasız ittihamlar verirdilər.
Lakin ziyalıların tərəqqipərvər hissəsi tamaşanı layiqincə qiymətləndirir, pyesin müəllifini irticaçıların və fanatiklərin hücumlarından qoruyurdular. N.Nərimanov yazırdı: “Bu drama müsəlmanların həyatında böyük rollar oynayacaqdır: paslanmış beyinləri pasdan təmizləyib, ölmüş ruhlara can verəcəkdir”... Doğrudan da, Cəlil Məmmədquluzadənin pyesi öz dərinliyi, obrazlarının parlaqlığı ilə indi də tamaşaçıları heyran edir.
Sovet hakimiyyətinin ilk illərində Azərbaycan və rus truppaları olan “Tənqid-təbliğ teatrı” yaradıldı. Teatr kiçik formalı tamaşalar qoyur, mənfi halları, meşşan və nepmanları satira atəşinə tutur, qadın azadlığının düşmənlərinə, din xadimlərinə, qolçomaqlara, bütün mürtəce qüvvələrə acı-acı gülürdü. İnqilabın özündən doğan “Tənqid-təbliğ teatrı” öz şərəfli vəzifəsini layiqincə yerinə yetirirdi. Sonralar bu teatrların əsasında Azərbaycan və rus truppaları – Bakıda Səməd Vurğun adına və Kirovabadda (Gəncə - red.) Cəfər Cabbarlı adına indiki teatrların sələfləri olan Bakı İşçi Teatrı yaradıldı...
...Cəfər Cabbarlının yaradıcılığı dramaturgiya ədəbiyyatımızın daha da inkişaf etdirilməsinə çox böyük təsir göstərmişdir.
...Görkəmli şair Səməd Vurğunun “Vaqif” mənzum dramı Azərbaycan dramaturgiyasının əsil incisi, səhnəmizin iftixarıdır.
...Dramaturq Hüseyn Cavidin və teatrın yaradıcı kollektivinin yüksək sənətkarlığı sayəsində “Şeyx Sənan”, “Səyavuş”, “Xəyyam” pyesləri geniş tamaşaçı kütlələrinin məhəbbətini qazanmışdır.
Dramaturqların sonrakı nəslinin – Mirzə İbrahimovun, Mehdi Hüseynin, Sabit Rəhmanın, Süleyman Rüstəmin, İlyas Əfəndiyevin, İmran Qasımovun, Ənvər Məmmədxanlının əsərlərində də teatrımızın ənənələrinin canlı nəfəsi duyulur. Böyük Vətən müharibəsi illərində sovet xalqının hünərini əks etdirən tamaşalarda realizm və romantizm üzvi surətdə birləşir. “Məhəbbət”, “Vəfa”, “İntizar”, “İntiqam”, “Uzaq sahillərdə” tamaşalarında döyüşçülərin və zabitlərin, arxa əməkçilərinin hünəri, qələbə saatını yaxınlaşdırmaq naminə onların göstərdikləri qəhrəmanlıq tərənnüm olunur.
Fərəhli haldır ki, respublika teatrları tamaşalarının əksəriyyəti müasirlərimizə, həyatımızın ciddi, aktual ictimai və etik problemlərinə həsr olunmuşdur... “Sən yanmasan”, “Sən nə üçün yaşayırsan?”, “Ömür elə qısadır ki”, “Unuda bilmirəm”, “Qəribə oğlan”, “Kəndçi qızı”, “Göz həkimi”, “İkinci səs” tamaşalarında və digər tamaşalarda qəhrəmanların sözlərinə və hərəkətlərinə tamaşa salonunun dərin maraq göstərməsi bunu sübut edir.
Azərbaycan teatrının ən yaxşı tamaşaları, rejissorlardan İsmayıl Hidayətzadənin, Aleksandr Tuqanovun, Sergey Mayorovun, Rza Təhmasibin, Mehdi Məmmədovun, Məhərrəm Haşımovun, Tofiq Kazımovun, Ələsgər Şərifovun, Əliheydər Ələkbərovun, rəssamlardan Nüsrət Fətullayevin, İsmayıl Axundovun, Bədurə Əfqanlının adları, bəstəkarlardan Asəf Zeynallının, Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun, Səid Rüstəmovun, Tofiq Quliyevin yaradıcılığı ilə bağlıdır.
Azərbaycan səhnəsinin görkəmli ustalarından Abbas Mirzə Şərifzadənin, Sidqi Ruhullanın, Mirzağa Əliyevin, Yeva Olenskayanın, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyyə Davudovanın, Fatma Qədrinin, Ələsgər Ələkbərovun, Mustafa Mərdanovun müxtəlif tamaşalarda yaratdıqları canlı və dərin obrazlar M.Əzizbəyov adına teatrın (Akademik Milli Dram Teatrı – red.) salnaməsinə həmişəlik daxil olmuşlar. Diqqətəlayiq artistlərdən Hökümə Qurbanova, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Barat Şəkinskaya, Əli Zeynalov, Möhsün Sənani və başqaları Azərbaycan teatrının inkişafına böyük kömək göstərirlər.
Mixail Jarov, Faina Ranevskaya, Pyotr Yudin, Kseniya Babiçeva, Raxil Ginzburq, Vera Şirye və başqaları rus dram teatrında gözəl aktyorluq məktəbi keçmişlər. Zəroş Həmzəyeva, İbrahim Həmzəyev, İsa Musayev, Rəmziyyə Veysəlova, Ələkbər Seyfi və başqaları Naxçıvan, Stepanakert (Xankəndi), Kirovabad (Gəncə – red.) teatrlarında məhsuldar çalışırlar. Teatrlarımızda getdikcə püxtələşən istedadlı gənclər, Azərbaycan teatr sənətinin ən yaxşı realist ənənələrinin ləyaqətli varisləri və davamçıları böyük yaradıcılıq ilhamı ilə işləyirlər...
Hər tamaşanın yaradılması bir çoxlarının – dramaturqun, rejissorun, aktyorların, dekoratorların, işıq ustalarının və başqalarının böyük və gərgin əməyidir. Səhnə əsərinin yaradılmasında həm baş, həm də epizodik rolların ifaçıları, həm səhnə fəhlələri, həm də biletyoxlayanlar iştirak edirlər. Bu gün, yüzillik yubiley günündə biz Azərbaycan teatrının yaranmasına, qüvvə toplamasına, inkişaf etməsinə və belə zirvələrə çatmasına özlərinin nəcib əməyi ilə kömək göstərənlərin hamısına əhsən deyirik.
Biz haqlı olaraq fəxr edirik ki, teatrlarımızın bir sıra ən yaxşı tamaşaları SSRİ və respublika dövlət mükafatlarına layiq görülmüşdür. “Şərqin səhəri” və “Xəzər üzərində şəfəq” tamaşalarına Sovet İttifaqı Dövlət mükafatının verilməsi M.Əzizbəyov adına və S.Vurğun adına teatrların böyük yaradıcılıq qələbəsi idi.
İndi respublikamızda 14 dövlət teatrı və 41 xalq teatrı vardır. Azərbaycanın paytaxtında yeddi teatr fəaliyyət göstərir.
Bizim teatr, ədəbiyyat, kino, televiziya, təsviri sənət, musiqi son illər ərzində sovet adamlarına xeyli yeni, maraqlı və gözəl əsər vermişdir. Yeni əsərlər və tamaşalar meydana gəlmişdir ki, bunlar da xalqımızın keçmişini və bugünkü həyatını realistcəsinə, bəzək-düzəksiz, lakin həm də nöqsanları qatılaşdırmadan işıqlandırır...
Teatrımız dərin düşüncələr və böyük hisslər, güclü dramatik vəziyyətlər teatrıdır. Dramaturgiyamız həmişə böyük ictimai konfliktlərə, böyük ictimai əhəmiyyəti olan mövzulara meyil etmişdir.
Teatr tamaşası həmişə bir bayramdır. Elə bir insan çətin tapılar ki, səhnə sənəti onun taleyində, dünyagörüşünün, estetik zövqünün formalaşmasında böyük rol oynamasın. Bizim bir çox yaxşı xatirələrimiz, təəssüratlarımız, ürək çırpıntılarımız ecazkar sənət ustalarının nəfəsini duymaqda, sevimli qəhrəmanların səsini eşitməkdə, bir növ onların sevinc və kədərinə şərik olmaqda bizə imkan verən teatrla, səhnə ilə bağlıdır. Bu cəhət teatrın böyük üstünlüyüdür və buna görə də biz şübhə etmirik ki, incəsənətin formaları daim nə qədər zənginləşirsə-zənginləşsin, televiziya və kino nə qədər yayılır və kütləvi hal alırsa-alsın, cəmiyyət inkişaf etdikcə teatrın rolu da artacaqdır. Səhnənin bilavasitə tamaşa salonu ilə ünsiyyəti prosesinə əsaslanan, tamaşaçılarla birlikdə həyəcan keçirən teatr həyatın özü qədər əbədidir.
Təəssüflə qeyd etmək lazımdır ki, tamaşa salonları heç də həmişə adamla dolu olmursa, bunun səbəbini həm bəzi pyeslərin və tamaşaların keyfiyyətində, həm də əsərlərin səhnə təcəssümünün forma və üsullarının daha rəngarəng olmasına imkan verən müasir texniki vasitələrə mühafizəkar münasibətdə axtarmaq lazımdır. Onu da etiraf etmək lazımdır ki, teatr sənətinin təbliği işi bizdə zəif təşkil edilmişdir. Bununla əlaqədar olaraq müasir dramaturgiyanın rolu və əhəmiyyətini qeyd etmək lazımdır. Müasir dramaturgiyanın inkişafı, şübhəsiz, bilavasitə teatrın özündən, onun bədii və estetik səviyyəsindən asılıdır. Bununla birlikdə qeyd etməmək olmaz ki, özünün bütün müvəffəqiyyətlərinə baxmayaraq, dramaturgiyamız zəhmətkeşlərin artan tələbatından geri qalır... Səthi müşahidələr əsasında tərtib edilmiş sxemlər üzrə soyuq ürəklə dərin məzmunlu səhnə əsərləri, müasirlərimizin şüuruna və qəlbinə təsir edə bilən əsərlər yaratmaq mümkün deyildir.
Azərbaycan teatrının bir əsrlik yoluna yekun vurarkən bir daha qeyd etmək istəyirəm ki, xalqın həyatı ilə, rus teatrının, onun vasitəsi ilə də dünya teatrının təcrübəsi və nəzəriyyəsi ilə üzvi əlaqə onun tarixi təcrübəsinin əsası olmuş və olmaqdadır. Azərbaycan teatrı öz ideyalarını, mövzu və obrazlarını xalq içərisindən götürmüşdür və götürür. Bu yolda Azərbaycan teatrı bədii kamilliyə çatmış, xalqın şüuruna yol tapmış, onun ideya-estetik tərbiyəsində mühüm rol oynamışdır.