Kövrək və həzin səsi ilə musiqisevərləri sehrində saxlayan görkəmli xanəndələrimizdən biri də Xalq artisti Rübabə Muradova olub. O, Ərdəbil sevgisi, nisgili ilə dolu nəğmələrində hər kəsdə vətən sevgisi oyadardı. Görkəmli sənətkarı anadan olmasının 90 illiyi ilə bağlı yada saldıq.
Rübabə Mirzə Xəlil qızı Muradova 22 mart 1933-cü ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailədə dünyaya göz açıb. Tibb təhsili olan atası övladının xoşbəxt gələcəyi üçün hər cür zəhmətə qatlaşır. Rübabəni Ərdəbil Qızlar məktəbinə qoyur. Onun məktəbdə təşkil olunan konsert və tamaşalarda səhnəyə çıxmasına etiraz etmir.
Mirzə Xəlil Cənubi Azərbaycan milli hökumətinin qurulması uğrunda mübarizə aparan “21 Azər” hərəkatına qoşulur. İnqilab qələbə ilə nəticələnsə də milli hökumətin ömrü uzun olmur. 1946-cı ildə milli hökumət süquta uğrayır və onun qurucuları, dəstəkləyənləri doğma yurddan qaçqın düşür. Rübabə Muradovanın ailəsi də Şimalı Azərbaycana üz tutur...
Ailə bir müddət Astara şəhərində məskunlaşır. Sonra Salyan şəhərinə gəlirlər. Mirzə Xəlilin dini təhsili olduğu üçün şəhərin məscidində axund kimi işə başlayır, eyni zamanda həkim kimi fəaliyyət göstərir. Rübabə şəhər orta məktəbində təhsil alır. Məktəbin özfəaliyyət dərnəyinə yazılır, burada istedadlı gənc kimi diqqət çəkir. Məlahətli səsi, həm də musiqi duyumu kollektivin tanınır. Oxuduğu məktəblə yanaşı, şəhərin mədəni-kütləvi tədbirlərində yaxından iştirak edir. Günlər bir-birini əvəz etdikcə Rübabə sənətdə püxtələşir və tanınır.
Günlərin birində Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyorları Salyan rayonuna qastrol səfərinə gedir. Gənc Rübabə şöhrətini eşidib, həyatda qarşılaşmadığı görkəmli aktyor Ələsgər Ələkbərovu burada görür. Vaxt yetişir axşam “Vaqif” tamaşası təqdim edilmə ərəfəsində Xuraman rolunun ifaçısı xəstələnir. Beləliklə, Rübabə Muradova ilk dəfə peşəkar səhnəyə çıxır və Ə.Ələkbərovla tərəf-müqabil olur. Çox çətin olsa da, üzərinə düşən vəzifəni uğurla başa vurur. Onun Xuramanın özünü qayadan atması səhnəsində oxuduğu “Bayatı-kürd” muğamı tamaşaçıları heyran edir, böyük alqış doğurur. Tamaşadan sonra Ə.Ələkbərov gənc müğənnini Bakıya dəvət edir, “Filarmoniyanın sizin kimi səsli gənclərə ehtiyacı var”, – deyir.
Rübabə Muradova 1951-ci ildə Bakı şəhərinə gəlir. Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul olunur, ustad xanəndə Seyid Şuşinskinin sinfində sənətin sirlərini öyrənir. Hələ tələbə ikən müəllimlərinin ümidini doğruldur. Opera və Balet Teatrın səhnəsinə ilk dəfə Leyli rolunun ifaçısı kimi çıxır. 1954-cü ildə Opera və Balet Teatrında işə qəbul olunur. Əvvəl-əvvəl solist, sonra məşqçi-pedaqoq kimi fəaliyyət göstərir. O, bu sənəd məbədinin səhnəsində “Leyli və Məcnun”da Leyli, “Əsli və Kərəm”də Əsli, “Koroğlu”da Xanəndə qız, “Şah İsmayıl”da Ərəbzəngi, “Aşıq Qərib”də Şahsənəm, “Gəlin qayası”nda Sənəm rollarında çıxış edir.
Görkəmli sənətkarın ifaçılıq sənətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilir. O, 1956-cı ildə “Əməkdar artist”, 1971-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülür.
Rübabə Muradova sənətdə nə qədər uğurlar qazansa da, doğma Ərdəbilin nisgilini həmişə qəlbində daşıyıb. Araşdırmalarda qeyd edilir ki, bir gün görkəmli sənətkar Astara rayonunda qastrol səfərində olur. Sənət yoldaşlarından bir az aralanır və İran sərhədinə yaxınlaşır. Həsrətlə gedə bilmədiyi, hətta baxa bilmədiyi yerlərə diqqət yetirir və hönkür-hönkür ağlayır. Sənət yoldaşları onu çətinliklə sakitləşdirirlər...
Görkəmli sənətkar qısa ömründə sənətin şöhrət zirvəsinə yüksəlsə də, bir qəriblik nisgilindən üzülür. Yaşadığı ağrı-acılar, ailə həyatındakı uğursuzluqlar onu taqətdən salır. Hamıdan sevgi görsə də, öz sevdiklərinə çata bilmir. 28 avqust 1983-cü ildə Bakıda vəfat edən müğənni Yasamal qəbiristanlığında dəfn olunur.
Görkəmli qoboy ifaçısı, Xalq artisti, mərhum Kamil Cəlilov görkəmli sənətkarla bağlı deyib: “Rübabə xanım vəfatından öncə vəsiyyət etmişdi ki, mən onun cənazəsi başında “Segah” çalım. Çünki mənə həmişə deyərdi ki, ay Kamil, sən “Segah” çalanda elə bilirəm ki, Ərdəbildəyəm. Gözlərimi yumuram, açanda mənə qalan isə göz yaşları olur. Elə istəyirəm ki, nə sən çalğını kəsəsən, nə də mən gözlərimi açam...”.
Rübabə Muradova 50 illik ömründə Azərbaycan musiqi mədəniyyətində elə bir iz qoyub ki, gələcək nəsillər onun sənət rübabını daima dinləyəcək, sənətkarı xoş duyğularla yada salacaqlar.
S.Fərəcov