Heydər Əliyev Mərkəzində konsert və sərgi

 

Martın 8-də Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” adlı konsert və sərgi keçirilib. Beynəlxalq Qadınlar Günündə bayram əhvali-ruhiyyəli layihə tamaşaçılarda dərin təəssürat yaradıb.

Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera müğənniləri səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələri ilə çıxıblar. Opera kostyumları modaya və ya əksinə – geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib.

Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış vokalçılar – Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), “Helikon-Opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano), beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (metso-soprano) və Yekaterina Sannikova (soprano) iştirak ediblər.

Proqramda Azərbaycan və dünya bəstəkarlarının ən parlaq və məşhur əsərləri ifa olunub. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olub.

“Auditorium” zalındakı konsert zamanı bu il 20 yaşını qeyd edən “Sultan Couture&Co” brendinə məxsus kolleksiya nümayiş etdirilib. Gecə ərzində səhnəyə çıxan müğənnilər həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim ediblər. Beləliklə, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyaları, zəngin repertuar, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olublar.

Konsert müğənnilərin Müslüm Maqomayevin bəstələdiyi həmişəyaşar “Azərbaycan” mahnısının birgə ifası ilə başa çatıb.

Konsertdən sonra Anastasiya Çernovolos öz təəssüratlarını bölüşüb: “Bu bir musiqi və moda bayramı idi. Bunun ənənəyə çevrilməsi və gələcəkdə mədəniyyətləri birləşdirən festivalın təşkil edilməsi gözəl olardı”.

Beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva da tədbirdə iştirakından məmnunluğunu ifadə edib: “Bu tədbirə uzun müddət hazırlaşmışıq. Çox xoşbəxtəm ki, Müslüm Maqomayevin repertuarından mahnı ifa etdim...”.

Heydər Əliyev Mərkəzində bu layihə çərçivəsində təqdim olunan “Azərbaycanın opera tarixində ilk qadın ifaçı və bəstəkarlar” adlı sərgi də maraq doğurub.  Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şövkət Məmmədova, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat verilib. “İlk Azərbaycan opera müğənniləri səhnə geyimlərində” bölməsində qadın ifaçıların məşhur tamaşalardakı səhnə geyimlərində fotoları sərgilənib.