Koto ifaçısı Bakıda konsert verib

 

Martın 15-də Beynəlxalq Muğam Mərkəzində yapon ənənəvi musiqi aləti olan koto ifaçısı Nobutaka Yoşizavanın konserti təşkil edilib. Konsert Yaponiyanın ölkəmizdəki səfirliyi tərəfindən “Yapon küləyi” adlı silsilə tədbirlər çərçivəsində keçirilib.

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ənənəvi yapon musiqi aləti koto və ifaçı haqqında məlumat verərək belə tədbirlərin Azərbaycanda yapon mədəniyyətinə marağı daha da artıracağına ümidvar olduğunu bildirib. Diplomat bu il fevral ayından başlayaraq reallaşan “Yapon küləyi” adlı silsilə tədbirlərin də bu məqsədə xidmət etdiytini vurğulayıb. Diqqətə çatdırılıb ki, qədim zamanlarda yalnız saray musiqi aləti kimi istifadə olunan koto müasir Yaponiyada bir çox musiqi aləti ilə birgə və ya solo şəkildə ifa olunaraq, öz zərif səs tonu ilə qəlbləri oxşayır. Koto musiqi alətinin gənc ifaçısı, məşhur “Kencun” mükafatının sahibi Nobutaka Yoşizava indiyədək bir sıra ölkələrdə konsert proqramı ilə çıxış edərək son zamanlar yapon koto musiqisinin fəal təbliğatçısı kimi tanınır.

Sonra Nobutaka Yoşizava klassik koto musiqilərini ifa edib. Onun Azərbaycan muğam musiqisi ilə sintez ifaları xüsusilə alqışlar doğurub.