Azərbaycan təmsilçiləri “Avroviziya – 2023”ün birinci yarımfinalında çıxış edəcəklər

 

Xəbər verildiyi kimi, 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya – 2023” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı “TuralTuranX” dueti – Tural və Turan Bağmanov qardaşları təmsil edəcək.

“TuralTuranX” dueti müsabiqədə “Tell me more” (“Mənə daha çox danış”) mahnısını ifa edəcək. Mahnını qardaşlar özləri bəstələyiblər. “Tell me more” mahnısı “Avroviziya”nın rəsmi “Youtube” səhifəsində yayımlanıb.

Xatırladaq ki, “Avroviziya – 2023”ün yarımfinalları 9 və 11 mayda, finalı isə 13 mayda keçiriləcək. Azərbaycan təmsilçiləri birinci yarımfinalda 12-ci nömrə altında çıxış edəcəklər. Ölkəmizlə yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də yer alıb.