“Böyük Ermənistan” yaratmaq xəyalı ilə yaşayan erməni qəsbkarları XX əsrin əvvəllərində dəfələrlə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. Məqsəd XIX əsrin birinci yarısından etibarən xarici ölkələrdən köçürüldükləri tarixi Azərbaycan torpaqlarına sahiblənmək, yerli əhalini bu kimi barbarlıqlarla yurd-yuvasından etmək, etnik təmizləmə aparmaq idi.
Həmin dövrdə ermənilərin xalqımıza qarşı apardıqları qırğın siyasətinin kulminasiya nöqtəsi 1918-ci ilin mart-aprel aylarında, demək olar ki, ölkəmizin bütün bölgələrində törətdikləri soyqırımı oldu. Bu soyqırımı miqyasına görə bəşər tarixində baş vermiş ən qanlı faciələrdən sayılır. Çar Rusiyasında baş vermiş 1917-ci ilin fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışırdılar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən “əksinqilabçılarla mübarizə” şüarı altında ermənilər Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planını həyata keçirməyə başladılar.
Tarixi sənədlərdən aydın olur ki, 1918-ci ilin mart-aprel aylarında on minlərlə dinc azərbaycanlı sakin milli mənsubiyyətinə görə qətlə yetirilib. O da məlumdur ki, 1917-ci ildə çarizm süqut edərkən Qafqazı, o cümlədən Azərbaycanı tərk edən rus hərbi birləşmələri silahlarını erməni millətçilərinə vermişdilər. Bu fürsətdən yararlanan ermənilər qəflətən kənd və şəhərlərimizin əliyalın əhalisinə hücumlar edir, uşaq, qoca, qadın demədən minlərlə insanı amansızlıqla öldürürdülər. Erməni vandalları qətllərlə yanaşı, tarixi mədəni mirası da hədəfə almışdılar. Xüsusilə Bakı şəhərində milli memarlıq abidələri, məktəb, xəstəxana və məscidlər dağıdılır. Bakı şəhərinin böyük bir hissəsi yandırılaraq xarabalığa çevrilmişdi.
Bu qanlı qırğınlar Bakı şəhəri ilə məhdudlaşmamışdı. Şamaxı, Quba, Şuşa, Cəbrayıl, Zəngəzur qəzalarında, habelə Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə də amansızlıqla həyata keçirilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Nazirlər Kabinetinin 15 iyul 1918-ci il tarixli qərarı ilə faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılır. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum təsis edilir. Eyni zamanda 31 Mart ümummilli matəm günü elan olunur. Beləliklə, azərbaycanlılara qarşı başladılan soyqırımı və torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərilir. Təəssüf ki, Cümhuriyyətin süqutu ilə bu istiqamətdə də həyata keçirilən işlər yarımçıq qalır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizin bu qanlı və qaranlıq səhifələrinə bir daha işıq tutuldu. Uzun illər gizli saxlanılan və üzərinə qadağa qoyulan əsl həqiqətlər araşdırılmağa başlandı. Prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi və həqiqətin üzə çıxarılması üçün səylər artırıldı. Həmin dövrdən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
2000-ci illərdən bu istiqamətdə aparılan araşdırmalar nəticəsində tarixin qaranlıq səhifələrinə işıq salınır. Mənfur erməni cəlladlarının ürək dağlayan cinayətlərinin miqyası üzə çıxarılır. Tədqiqatlar nəticəsində toplanan məlumatlardan müəyyən edilib ki, erməni vandalları təkcə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Bakıda törədilən soyqırımının şahidi, sonra bu istiqamətdə istintaq aparan komissiyanın üzvlərindən alman əsilli A.Y.Kluqe yazır ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır və süngü ilə dəlmə-deşik edirdilər... Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etmirdilər.
Araşdırmalarda qeyd edilir ki, Bakıda təkcə bir həftə ərzində 12 mindən çox dinc insan vəhşicəsinə qətlə yetirilmişdi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə verməmişdilər. Cəsədləri daha çox yanan binalara atır, quyulara və dənizə tökmüşdülər. S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin şəhərdə hakimiyyətinin tam bərqərar olunması qətlə yetirilənlərin dəqiq sayının hesablanmasına imkan verməyib.
İranın Bakıda konsulu olmuş Məhəmməd Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanıb dəfn olunub. Menşeviklərin “Naş qolos” (“Bizim səs”) qəzeti həmin günləri belə təsvir edib: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış və eybəcər hala salınmış meyitlər...”.
Britaniyanın Bakıda olan briqada generalı R.Qortonun Londona göndərdiyi 8 dekabr 1918-ci il tarixli sənəddə 20 min, Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox azərbaycanlının soyqırımına məruz qaldığı göstərilir...
Paris Sülh Konfransında Xalq Cümhuriyyəti nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov ABŞ Prezidenti V.Vilsona 28 may 1919-cu il tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim edib. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılıb. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşüb.
Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə İstintaq Komissiyasının normal işinə maneələr törədib. Buna baxmayaraq, komissiya qısa müddətdə lazımi fakt və materialları toplaya bilib.
Türk-müsəlman qanına susamış ermənilər XX əsrin əvvəllərində xalqımıza qarşı törətdikləri qırğınları bir də əsrin sonlarında – 90-cı illərin əvvəllərində təkrarladılar. Ərazilərimizin 20 faizi işğal olundu. Xocalıda və digər yaşayış məntəqələrimizdə dinc əhaliyə qarşı misli görünməmiş qırğınlar törədildi.
1918-ci ildə xalqımıza qarşı erməni vəhşiliyinin daha bir sübutu 2000-ci illərdə Quba rayonunda üzə çıxarıldı. Burada ermənilər tərəfindən qətlə yetirilmiş insanların kütləvi məzarlığı bədnam qonşularımızın vandalizminin miqyasını bir daha gözlər önünə sərdi. 2007-ci ilin 1 aprelində Qubada torpaq işləri görülərkən kütləvi məzarlıq aşkarlandı. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən ərazidə araşdırmalar həyata keçirildi və məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edildi. Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradıldı...
Yaxşı deyiblər ki, heç bir cinayət cəzasız qalmır. Ermənilərin xalqımızın başına gətirdiyi zülmlərin, törətdiyi hərbi cinayətlərin də cəzası 2020-ci ilin 44 günlük Vətən müharibəsində verildi. “Dənizdən dənizə Ermənistan” xülyası ilə yaşayan mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğradıldı. Ərazi bütövlüyümüz bərpa olundu, bütün şəhidlərimizin qısası alındı.
Savalan Fərəcov