Mayın 26-da Heydər Əliyev Mərkəzinin səhnəsində “Qremmi” mükafatı laureatı, rusiyalı pianoçu Mixail Pletnyov çıxış edəcək.

İki hissədən ibarət konsertdə Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylı adına Azərbaycan Dövlət Simfonik Orkestri də tamaşaçılar qarşısında olacaq.

Proqramda bu il 150 illik yubileyi qeyd olunan dünyaca məşhur bəstəkar Sergey Raxmaninovun əsərləri səslənəcək.

Pianoçu, bəstəkar və dirijor Mixail Pletnyov dövrünün nüfuzlu musiqiçilərindən biridir. O, 16 yaşındaykən Parisdə gənclərin beynəlxalq fortepiano müsabiqəsinin laureatı olsa da, geniş musiqi auditoriyasına 1978-ci ildən – Çaykovski adına beynəlxalq müsabiqənin qalibi olduqdan sonra tanınmağa başlayıb. Musiqiçi Avropanın və Amerikanın orkestrləri ilə müxtəlif ölkələrdə solo konsertlərlə çıxış edib. Mixail Pletnyov həm də Pyotr Çaykovskinin əsərlərinin dünyada ən yaxşı interpretasiyalarını təqdim edən musiqiçilərdəndir.

1980-ci ildə isə Pletnyovun dirijor kimi debütü olub. 1990-cı ildə pianoçu Rusiya tarixində ilk müstəqil orkestr – Rusiya Milli Orkestrini yaradıb. Orkestr Pletnyovun rəhbərliyi ilə dünyanın nüfuzlu musiqi kollektivləri siyahısında yer alıb.