44 günlük İkinci Qarabağ müharibəsinin ən gənc şəhid qəhrəmanlarından biri də aprelin 2-də 21 yaşı tamam olan Elgün Mövlanovdur.
Elgün Tahir oğlu Mövlanov 2002-ci ildə Lerik şəhərində dünyaya göz açmışdı Özünü dərk edəndən Vətənə bağlanır, onun bir parçasının işğalı ilə barışmırdı.
Elgün halal, el-obasına bağlı bir nəslin nümayəndəsi idi, Azərbaycanın müqəddəsliyini hər şeydən əziz bilirdi. O, 2020-ci ildə ordu sıralarına yola düşür. Ön cəbhədə əsgəri borcunu şərəflə yerinə yetirir. Mənfur erməni hərbçilərini yurdumuzdan qovmaq üçün Ali Baş Komandanın əmrini hər an gözləyirdi.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlanır. Köksündə əsl qəhrəman ürəyi döyünən Elgün Vətən naminə çəkinmədən odun-alovun içinə atılır. Bir amalı olur: torpağı qanı bahasına qorumaq, yağının ilan başını əzib qalib gəlmək. Dağlar diyarının igid oğlu düşmənə qarşı üç gün döyüşür. Sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən ağır döyüşdə yağının gülləsinə tuş gəlir və şəhadətə yüksəlir. Lerik şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılır.
Qeyd edək ki, Elgünün özündən iki yaş böyük qardaşı Altay da Vətən müharibəsi şəhididir. O, Elgündən bir ay sonra, oktyabrın 30-da Füzuli rayonu istiqamətində döyüşlərdə şəhid olub...
İndi Lerik camaatı qəhrəman qardaşların adlarını hər yerdə qürurla çəkir, məzarları ilə yanaşı əziz xatirələrinə ucaldılan bulaq kompleksini də tez-tez ziyarət edir.
Allah rəhmət eləsin.
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü