Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1980-ci il 21-24 may

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Naxçıvan MSSR-ə səfəri zamanı akademik Y.H.Məmmədəliyevin və yazıçı M.S.Ordubadinin ev-muzeylərinin ekspozisiyasına baxıb. Naxçıvan şəhərinin baş planı ilə tanışlıq zamanı qədim Azərbaycan memarlığı nümunələri ilə müasir memarlığı üzvi surətdə əlaqələndirməyin zəruriliyi diqqətə çatdırılıb. Heydər Əliyev görkəmli şair Hüseyn Cavidin yaradılmaqda olan ev-muzeyinə də baş çəkib, tövsiyələrini verib.

 

1980-ci il 18 oktyabr

 

Heydər Əliyev Bakıda SSRİ yazıçılarının Ümumittifaq yaradıcılıq konfransının keçirilməsi üzrə təşkilat komitəsinin iclasında çıxış edib.

 

1980-ci il 27 oktyabr

 

Bakıda yazıçıların Ümumittifaq yaradıcılıq konfransı (27-31 oktyabr) işə başlayıb. Heydər Əliyev konfransda məruzə ilə çıxış edib.

“...Azərbaycan zəhmətkeşləri öz əsərləri ilə tanınan və sevimli ədəbiyyat ustalarının respublikamızın paytaxtına toplaşması xəbərini böyük sevinclə qarşılamışlar. Biz Azərbaycana gəlişimizi xalqımızın yaradıcı əməyinə, onun ədəbiyyatının, bütün çoxçəhətli mədəniyyətinin nailiyyətlərinə diqqət və hörmətin ifadəsi hesab edirik...

Ölkəmizin ictimai-siyasi və mədəni həyatında konfransın əhəmiyyətini onun mövzusu müəyyən edir: “Xalqların dostluğu ədəbiyyatların dostluğudur”... 

Sovetlər ölkəsində 77 milli ədəbiyyat yaranmışdır və müvəffəqiyyətlə inkişaf edir. 1979-cu ildə SSRİ-də 63 xalqın dilində ədəbiyyat nəşr edilmişdir. Bizdə, Azərbaycanda kitab nəşrinin miqyası milli mədəniyyətinin və ədəbiyyatın diqqətəlayiq müvəffəqiyyətlərinə parlaq misaldır. Təkcə 1979-cu ildə respublikada ümumi tirajı 13 milyon 800 min nüsxə, o cümlədən Azərbaycan dilində 11 milyon 100 min nüsxə olan 1300-dən çox kitab və kitabça çıxmışdır.

...Ədəbiyyatların qarşılıqlı təsiri yeni şey deyildir. Bütün ümumbəşəri mədəniyyət kimi, dünya ədəbiyyatı da sadəcə olaraq milli mədəniyyətlərin və ya ədəbiyyatların məcmusu deyildir, ən əvvəl onların məhz tarixi qarşılıqlı təsir və qarşılıqlı nüfuz prosesində yaranan müəyyən vəhdətidir. Heç bir xalq başqa xalqların nailiyyətlərindən istifadə etmədən inkişaf edə bilməz... Bədii ədəbiyyat xalqların mənəvi ünsiyyətinin, onların bir-birini başa düşməsinin, sərvət və nailiyyətlər mübadiləsinin ən geniş, səmərəli, dərin nüfuz edən vasitəsidir...

Azərbaycan xalqının XII əsrdə intibah dövrünü keçirən ədəbiyyatı Xaqaninin və Nizaminin timsalında, sonrakı əsrlərdə isə Nəsiminin, Füzulinin, Vaqifin, M.F.Axundovun, Sabirin timsalında dünya şöhrəti qazanmış, Yaxın Şərq və Qərb ölkələrində ədəbi prosesin estetik fikrinin inkişafına nəcib təsir göstərmiş, məsələn, Avropa ədəbiyyatının yeni ideyalar, mövzular və süjetlərlə zənginləşdirmişdir. Dahi söz ustaları bizə böyük estetik sərvətlər xəzinəsi, humanizm və xalqlar dostluğu kimi nəcib ideyaların çox zəngin bir aləmini qoyub getmişlər...

Azərbaycanın klassikasının və müasir ədəbiyyatının ən yaxşı nümunələri ümumittifaq oxucusuna verilmiş, ölkəmizin hüdudlarından kənara çıxmışdır...

...Əhalinin bütün təbəqələrinin əxlaqına təsir göstərmək üçün siz nasir və publisistlərin, şair və dramaturqların əlində ən güclü vasitə vardır: bu, bədii sözdür... Biz sizdən dərin məzmunlu və həyat materiallarını hərtərəfli təsvir edən yeni, maraqlı və parlaq əsərlər gözləyirik. Yazıçılar qarşısında duran vəzifələrin yerinə yetirilməsində ədəbiyyatşünaslığın, ədəbi-bədii tənqidin mühüm rolu vardır. Müasir ədəbi prosesi tələbkarlıqla təhlil etmək, ədəbiyyat və incəsənət əsərlərinin ideya-estetik səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə aparmaq ədəbi-bədii tənqidin borcudur...

Ümidvarıq ki, bu görüşlər qarşılıqlı surətdə maraqlı və faydalı olacaq, sizə xeyli həyat materialı verəcək, gələcək əsərləriniz üçün yeni yaradıcılıq ideyaları və fikirləri doğuracaqdır...”

 

***

 

Mədəniyyət xadimlərinin yaradıcılıq nailiyyətləri dövlət tərəfindən qiymətləndirilirdi.

 

1980-ci il 25 aprel

 

Azərbaycan musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq Xalq artisti, tarzən Hacı Məmmədov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

1980-ci il 28 aprel

 

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1980-ci il Dövlət mükafatlarının laureatları elan edilib:

1. Yazıçı İmran Qasımov, rejissor Muxtar Dadaşov – “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Brejnev Bakıda” tammetrajlı sənədli filmi üçün.

2. Şair Əhməd Cəmil – son illərdə yazılmış və “Vaxtında gəlmişik bu dünyaya biz” kitabında toplanmış şeirlər üçün (ölümündən sonra).

3. Yazıçı, pyesin müəllifi Anar, rolların ifaçıları Səməndər Rzayev, Şəfiqə Məmmədova – Azərbaycan Dövlət Akademik Dram Teatrında göstərilmiş “Şəhərin yay günləri” tamaşası üçün.

4. Şair Əliağa Kürçaylı – son illərdə yazılmış və “Bütövlük” kitabında toplanmış şeirlər üçün (ölümündən sonra).

5. Yazıçı, ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissor Rasim Ocaqov, rəssam Kamil Nəcəfzadə, rolların ifaçıları Hacı İsmayılov, David Uplisaşvili – “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Ad günü” bədii televiziya filmi üçün.

6. Bəstəkar Tofiq Quliyev – son illərdə bəstələdiyi mahnılar və kinofilmlərə yazdığı musiqi üçün.

7. Heykəltəraş Əhməd Salikov – Bakı şəhərində F.E.Dzerjinsikinin abidəsi üçün.

8. Tənqidçi Yaşar Qarayev – “Poeziya və nəsr” ədəbiyyatşünaslıq tədqiqatı üçün.

9. Şair Məstan Əliyev – uşaqlardan ötrü “Çalğıçı quşlar” və “Bax, bu da İbrahimdir” şeirlər kitabları üçün.

Hazırladı: V.Orxan

(davamı var)