Tanınmış tərcüməçi, filoloq-alim, pedaqoq Vilayət Hacıyev 2023-cü il aprelin 4-də, 73 yaşında vəfat edib.
Vilayət Tapdıq oğlu Hacıyev 1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olub. 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbi bitirib və Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki ADPU) Avropa dilləri fakültəsinin alman dili şöbəsinə qəbul olunub. 1971-ci ildə təhsilini başa vurduqdan sonra bir il Daşkəsən rayonunda alman dili müəllimi işləyib. 1973-2017-ci illərdə Azərbaycan Dillər Universitetində çalışıb, Tərcümə fakültəsinin dekanı olub. Daha sonra Azərbaycan Dövlət Tərcümə Mərkəzində fəaliyyət göstərib.
Ömrünü ədəbi tərcüməyə həsr edən Vilayət Hacıyev alman dilindən Azərbaycan dilinə və əksinə tərcümə ilə məşğul olub. 70-ci illərin əvvəllərindən başlayaraq “Azərbaycan”, “Ulduz”, “Xəzər” jurnallarında, eləcə də “Ədəbiyyat və incəsənət” qəzetində bir çox alman və Avstriya yazıçılarının əsərləri onun tərcüməsində oxuculara çatdırılıb.
Onun tərcümələrində Erix Maria Remarkın “Zəfər tağı” (roman, 1986), Herman Hessenin “Yalquzaq” (roman, 1990), Lion Feyxtvangerin “Lautenzak qardaşları” (roman və hekayələr, 1991), Frans Kafkanın “Məhkəmə” (roman, 2012), Ziqfrid Lentsin “Məhəbbət yuvası” (hekayələr, 2013), Ştefan Svayqın “Tarixi miniatürlər” (2014), Haynrix Böllün “İki roman” (“Və bircə kəlmə də demədi” və “Bir təlxəyin düşüncələri”, 2017), “Kişisiz ev” (roman, 2019), eləcə də “Kafkadan Rilkeyə qədər” (Avstriya yazıçılarının hekayələri, 2020), Daniel Keelmanın “Dünyanın arşını” (roman, 2021) və s. kitablar Azərbaycan dilində işıq üzü görüb.
Vilayət Hacıyev həmçinin Xalq yazıçıları Anar, Yusif Səmədoğlu və başqa müəlliflərin əsərlərini alman dilinə çevirib. O, H.Böllün “Kişisiz ev” romanının uğurlu tərcüməsinə görə 2019-cu ildə Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb. Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin.