Keçən il pandemiya səbəbindən ləğv edilən 25-ci Şanxay Beynəlxalq Film Festivalı cari il iyunun 9-dan 18-dək keçiriləcək. 2022-ci ildə festivalın ləğvi qərarından bu günə kimi təşkilatçılar 100-dən çox ölkədən film layihələri qəbul ediblər.
Xatırladaq ki, Çinin ən nüfuzlu kino forumu dünyanın böyük bir hissəsində pandemiyanın tədricən başa çatdığının elan olunduğu, o cümlədən beynəlxalq festival və müsabiqələrin ənənəvi formatda təşkil olunduğu bir vaxtda ləğv edilmişdi. Səbəb isə ötən yazda Çində koronavirus pandemiyasının yenidən baş qaldırması olmuşdu. Nəticədə 25-ci Şanxay Beynəlxalq Film Festivalı bir il sonraya ertələndi.
Maraqlıdır ki, Şanxay kinofestivalı hətta pandemiyanın qızğın dövrü sayılan 2020-ci ildə belə ləğv olunmamış və proqramı ixtisar edilərək, həmçinin tədbirlərin bir qismi onlayn rejimdə olsa da, 25 iyul – 2 avqust tarixlərində keçirilmişdi. Bu, COVİD-19 pandemiyasının ilk ilində dünya üzrə kinoteatrlarda nümayişi təşkil edilən yeganə beynəlxalq festival idi.
Şanxay Beynəlxalq Film Festivalı 1993-cü ildən keçirilir. Festivalın münsiflər heyətinə müxtəlif vaxtlarda dünya şöhrətli kinematoqrafçılar daxil olub.