Xəbər verdiyimiz kimi, 5-8 aprel tarixlərində Bakıda Rusiya kinosu günləri keçirilib. Proqramda bədii, sənədli və animasiya filmləri yer alıb. Filmlər Nizami Kino Mərkəzində və Beynəlxalq Muğam Mərkəzində nümayiş olunub.
Rusiya kinosu günləri Nizami Kino Mərkəzində rejissor Konstantin Buslovun “1941. Berlin üzərində qanadlar” filminin nümayişi ilə başa çatıb.
Nümayişdən əvvəl Bakıdakı Rus Evinin (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) rəhbəri İrek Zinnurov, Rusiyanın Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov tamaşaçıları salamlayıblar. Layihənin prodüseri Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Yelena Lebedeva rusiyalı artist və prodüserlərdən ibarət nümayəndə heyətini təqdim edib.
Sonra “1941. Berlin üzərində qanadlar” filmi nümayiş olunub. 2022-ci ildə ekranlara çıxan film 1941-ci ilin avqustunda DB-3 sovet bombardmançı təyyarələrinin bir dəfəyə 1800 km qət edərək Almaniyanın hava məkanına daxil olması və Berlini bombalaması haqqındadır.
Nümayişdən sonra teatr və kino artisti Andrey Xarenko ekran əsərinin yaradılması barədə söhbət açıb.
Qeyd edək ki, Bakıda Rusiya kinosu günləri “ELS prodakşn” prodüser mərkəzinin təşkilatçılığı, RF Xarici İşlər Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Rusiyanın Azərbaycandakı Səfirliyi, Bakıdakı Rus Evi və digər qurumların dəstəyi ilə reallaşıb.