Görkəmli dirijor və bəstəkar Niyazinin not əlyazmalarının toplandığı kitab çapdan çıxıb. Nəşr AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsi (Musiqi folkloru) şöbəsində “Milli musiqi irsimizin açılmamış səhifələri (arxiv materialları əsasında)” layihəsi əsasında hazırlanıb. Layihənin rəhbəri sənətşünaslıq doktoru, professor İradə Köçərlidir.
AMEA-dan bildirilib ki, kitab 3 bölmədən ibarətdir. Kitabın I bölməsi İradə Köçərlinin “Niyazi və Azərbaycan musiqi folkloru” adlı məqaləsi ilə başlayır. Musiqişünas burada Azərbaycan xalq musiqisinin toplanması və yazıya alınmasında Niyazinin xidmətlərindən bəhs edir. Müəllif “İrəvanda xal qalmadı” xalq mahnısının əsil bayatı sözləri – gerçək mətni ilə birlikdə ilk dəfə məhz Niyazi tərəfindən nota salındığını vurğulayır, bayatının yaranması prosesini izləməklə musiqili-nəzəri cəhətdən təhlil edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadə “Azərbaycan xalq musiqisinin toplanması və yazıya alınmasında Niyazinin rolu” adlı məqaləsində maestronun 1934-cü ildə iştirak etdiyi Lənkəran ekspedisiyası haqqında ətraflı danışaraq, onun həyat və yaradıcılığına dair maraqlı faktları diqqətə çatdırır.
Kitabın II bölməsində Memarlıq və İncəsənət İnstitutunun arxivindən əldə edilmiş qovluqlarda qorunub saxlanılan xalq mahnılarının əlyazmalarının, III bölmədə isə 47-ci qovluqdan “50 Azərbaycan xalq havası”nın elektron yazısı verilib. Kitabdakı əlavəyə Niyazinin Mənzil-Muzeyindən əldə edilmiş not əlyazmaları daxil edilib.
Nəşrin layihə rəhbəri, əsas tərtibçisi və elmi redaktoru professor İradə Köçərli, tərtibçiləri Mehriban Paşayeva, Səidə Köçərli, Leyla Aslanova, Zülfiyyə Musayeva, Arzu Həsənova, Səmərə Qafarlıdır.