Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən Milli Muğam Müsabiqəsinə qeydiyyat başa çatıb.
Bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Qeyd olunub ki, martın 1-dən aprelin 10-dək aparılan qeydiyyatda yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak ediblər. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək.
Yarışmanın birinci turu 24-25 apreldə, ikinci turu isə 26-27 apreldə keçiriləcək. Xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər aprelin 27-də müəyyənləşəcək.
Müsabiqənin yekun konserti aprelin 30-da təşkil olunacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.