Ötənlərin xatirəsi...

 

1992-ci ilin yayı. Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna (indiki Milli Konservatoriya nəzdində Musiqi Kolleci) qəbul imtahanları. İddiaçılardan biri olan bu sətirlərin müəllifinin digər həmkarları kimi həyəcandan doğan hərarəti məkandan kənar təbii istiliyin dərəcəsi ilə müqayisə oluna bilməz. İmtahanlardan ən çətini hesab olunan “şifahi solfecio” kollecin üçüncü mərtəbəsindəki siniflərdən birində keçirilirdi. Budur, auditoriyanın qapısı açılır və gülərüzlü, kübar görünüşlü xanım bizlərdən birinci kimin içəri keçəcəyini soruşur. Bu zaman diqqətini mənə yönəldərək: “Oğlum, bəlkə səndən başlayaq” sualının ardınca həyəcanımı gizlətməyə çalışaraq irəli addımlayıram. Təvazökarlıqdan uzaq olsa da, imtahandan yüksək qiymət aldıqdan sonra həmin xanım: “Təbrik edirəm, bala, yolun açıq olsun” sözləri ilə məni dəhlizə yola salır. Həmin gülərüz xanım dəyərli oxucuların mütaliə elədiyi yazımın qəhrəmanı, bizim yubilyar professor Həcər Babayeva idi.

 

Xəzri ilə gilavarın qovuşuğunda

 

Deyilənə görə, İçərişəhəri quran memarlar məkanın küçələrini elə planlaşdırıblar ki, xəzri küləyi gilavarla daima qarşılaşır. Buna görə də heç vaxt oradakı küçələrdə toz olmaz. Bakının mərkəzində, qala divarları arasında uyuyan tarixi məkanın təməlindəki təmizlik burada əsrlər boyu cəmlənən yüksək mənəvi dəyərlərə də sanki bir paklıq qatıb.

İçərişəhərin mədəniyyət ab-havasında püxtələşən şəxsiyyətlərin siyahısı peşəkar milli bəstəkarlıq məktəbinin nümayəndələri Tofiq Quliyev, Xəyyam Mirzəzadə, Ədilə Hüseynzadədən tutmuş, “Kəsmə şikəstə”nin unudulmaz ifaçısı Fatma Mehrəliyeva, milli tar ifaçılığının Mansurovlar şəcərəsinə, caz-muğam sintezinin yaradıcısı, pianoçu Vaqif Mustafazadəyə, milli kinomuzun ünlü nümayəndələrindən rejissor Arif Babayevə, rəssamlıq sənətinin önçüllərindən Elbəy Rzaquliyevə, tabloları dünya salonlarını bəzəyən Tahir Salahova və daha kimlərə-kimlərə qədər uzanır. Bax belə məkanda, qədim qalanın sayılıb-seçilən ailələrinin birində 17 aprel 1948-ci ildə Həcər Babayeva dünyaya göz açıb.

Yubilyarın bacısı, görkəmli violin ifaçısı, Xalq artisti Zəhra Quliyeva xatırlayır: “Böyüdüyümüz ailə çox mehriban və mənəvi cəhətdən kübar, ziyalı insanlar idi. Atam Teymur müəllim hərbçi olmuş, Böyük Vətən müharibəsinin ilk günündən sonunadək iştirak etmiş, orden və medallarla təltif olunmuşdu. Anam Məryəm xanım filoloq idi, fəlsəfə üzrə elmlər namizədi adını isə artıq iki qız nəvəsi olanda aldı. Səbəbi isə bizlər idik: Həcər, Suğra, Təhminə və mən. Bu dörd qız uşağını layiqli, təhsilli, bacarıqlı, öz ayaqları üzərində dik dura bilən şəxsiyyət kimi yetişdirmək, onlara doğru həyat prinsiplərini, yolunu göstərmək böyük əmək, zaman, səhhət tələb edirdi”.

Teymur və Məryəm Quliyevaların ailəsində musiqi aləminə bağlılıq genetik yaddaşın təzahürüdür. Teymur müəllimin əmisi oğlanlarından Akif və Tohid Quliyevlər peşəkar violin ifaçıları, digəri Xalq artisti Tofiq Quliyev isə bəstəkar, pianoçu idi. Buna görə də, valideynlər ilk olaraq ailənin ilki Həcəri musiqi təhsilinə yönəltdilər.

Zəhra xanım xatırlayır: “...Böyük bacım Həcər elə İçərişəhərdə yaşayan Ruqiyyə xanımdan piano dərsləri alırdı, məni də ona qoşdular ki, zamanım boş keçməsin. Beləliklə, musiqi bizi öz ağuşuna elə sıx aldı ki, hər ikimiz bu gün də ondan xilas olmağı heç düşünmürük...”.

Ümumiyyətlə, o dövrdə İçərişəhərin mənəvi mühiti ilə bağlı Həcər xanımın uşaqlıq xatirələrinin qəhrəmanlarından biri, dünyaca məşhur cazmen Vaqif Mustafazadə ilə əlaqəli fikirlərinə diqqət etmək kifayətdir: “...Məhəllənin bir başında bizim evimiz yerləşirdi, digər başında isə onların evləri... Bircə onu bilirdik ki, bu evdə İçərişəhərin yaraşıqlı oğlanlarından olan Zivər xalanın yeganə övladı Vaqif yaşayır... Zivər xala da İçərişəhərin hörmətli, ziyalı qadınıdır, musiqi müəllimidir, çoxlu tələbələri var... Bizim məhəllə heyranımız olan Vaqif isə tipik İçərişəhər uşağıydı. Məhəllədə futbol oynayan, evinin tinində saatlarla dayanıb tay-tuşlarıyla söhbət edən, mübahisə aparan, böyüklərnən ədəb-ərkan saxlayan, İçərişəhər qızlarını qoruyan dəliqanlılardan idi...”.

 

Tədqiqatçı həyatından yarpaqlar

 

Həcər xanımın tədqiqat maraqları müxtəlifdir. Buraya həm xalq, həm də peşəkar musiqi yaradıcılığı ilə bağlı sahələr daxildir. Dəyərli alim musiqişünas təfəkkürünün təcəssümünü həmişə yenilikdə görərək tədqiq olunacaq problemin lokal deyil, qlobal müstəvidə elmi araşdırmalara cəlb etməyi doğru hesab edir: “...Əgər musiqişünas bir tədqiqata başlayırsa, o, əsərində yenilik axtarmalıdır. Məsələn, baxmayaraq ki, şifahi xalq ədəbiyyatımızda bayatı janrı var, mən vaxtilə “Azərbaycan musiqisində bayatı janrı” mövzusu ətrafında tədqiqat aparırdım. Bu tədqiqatı edərkən mən Azərbaycan bayatısı ilə İraq türkmənlərinin xoyratlarını müqayisə etdim. Çünki türkmən xoyratları bayatının bir növüdür.

Daha sonra Azərbaycan bayatısı və türk musiqisində manilərin tədqiqatını apardım. Əsas da xoyrat, mani, bayatı – bu üçlüyün bir-birinə münasibətini tədqiq etdim... 1985-1988-ci illərdə həyat yoldaşım Elxan Babayevlə İraqa ezam olunduğumuz zaman mən də İraq xoyratları, Azərbaycan bayatıları və türk manilərinin musiqidə müqayisəsini etməyə çalışdım. Bir çox İraq xoyratlarını nota saldım. Bu çalışmalar musiqi tədqiqatları üçün yeni fikirlər ortaya qoydu...”.

Başqa sözlə, Həcər xanım musiqi elmində mütərəqqilik prinsipini həmişə əldə olunan nailiyyətlə kifayətləmədən mütləq şəkildə yeni araşdırıcı cığırlarını aramaqda görür. Təsadüfü deyil ki, tədqiqatçının hər iki qız övladı valideynlərinin sənətlərini davam etdirərkən milli musiqi fikrimizdə öz yollarını taparaq maraqlı elmi araşdırmalarla diqqəti cəlb eləyiblər. Ailənin böyük qızı, hazırda Türkiyədə, Konya Nəcməddin Ərbakan Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqişünas Aynur Elxan Nayır “XX əsrin solfecio sistemlərinin müqayisəli təhlili” adlı elmi işində müxtəlif tədris metodikaları və material tərkiblərinin müqayisəli təhlilini apararaq on dərslik nəşr etdirib. Ailənin sonbeşiyi, Üzeyir Hacıbəyli adına BMA-nın professoru, sənətşünaslıq üzrə elmlər doktoru Aytac Rəhimova isə 2003-cü ildə “Azərbaycan musiqisində meyxana janrı” adlı namizədlik dissertasiyası ilə milli musiqi tarixində ilkə imza atıb.

 

Ekran-efirlə təmas

 

Həcər xanımın musiqişünas həyatı təkcə bu günümüzə qədər davam edən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə kifayətlənməyərək, teleradio və mətbuatla aktiv əməkdaşlıqla da əhatələnir. Bu sıraya onun musiqi sənətinin müxtəlif problemlərin ilə bağlı dövlət təşkilatlarında, həmçinin ölkəmizdən kənarda milli və professional musiqi üzrə ekspert kimi məhsuldar işini də əlavə eləmək istərdim.

Musiqi sənətimizin ünlü simaları haqqında yazılarımda müasir televiziya və radio sahəsində problemlərə toxunarkən həmişə keçənlərdəki vəziyyətlə müqayisələr aparıram. Təkrarçılıq olmasın, amma bir həqiqəti yenə qeyd etmək istəyirəm. O illərdə ekran-efir çevrəsində elmin istənilən sahəsi ilə bağlı verilişlərin hazırlanması və yayımında mövcud sahənin aparıcı mütəxəssisləri dəvət alırdılar. Həcər xanımın yaradıcı taleyində “Bəstəkarların iş otağında”, “Musiqi aləmində”, “Musiqi haqqında söhbətlər”, “Xaqani, 27” kimi telelayihələr deyilənlərə misaldır. Bəstəkarlar İttifaqının o dövrdə rəhbəri Aqşin Əlizadənin təşəbbüsü ilə ərsəyə gələrək milli televiziyamızın efirində ayda bir dəfə sərgilənən “Xaqani, 27” ümumən musiqi aləmində səs salmışdı. Həmin hadisələrin canlı şahidi və bilavasitə iştirakçısı professor Zümrüd Dadaşzadə xatırlayır: “...Hər ay İttifaqın salonunda yeni musiqi və bəstəkarlarımızın yaradıcılığı, başqa aktual mövzular haqqında söhbət aparılırdı... Verilişin yaradıcı heyətinin üzvləri sırasında müəllif və aparıcılar Lalə Hüseynova, Nəzakət Qasımova və Həcər Babayeva, habelə televiziyanın Musiqi şöbəsinin redaktoru Salehə Əfəndiyeva da xatırlanmalıdır...”.

 

Qurduğu ocağın qoruyucu mələyi

 

Həcər xanımın şəxsiyyəti barədə danışarkən onun qayğıkeş ana və həssas qəlbə məxsus həyat yoldaşı və diqqətcil bacı kimi yüksək insani keyfiyyətlərinə toxunmamaq olmaz. Əksər hallarda eyni peşə sahiblərinin sənət məkanında təkcə tərəf-müqabil kimi deyil, həyat yoldaşları, valideyn kimi ailə ocağı çərçivəsində qovuşması təbiidir. Digər tərəfdən heç də hər belə birliyin daxilində problemlər, çətinliklər qarşısında əsl mənada vahidlik, ümumi harmoniya, çiyin-çiyinə güvən müşahidə etmək olmur. Amma Həcər xanımla həyatdan nakam getmiş Elxan müəllimin yüksək mədəniyyətə malik ailə münasibətləri əvvəldə qeyd etdiyim ali keyfiyyətləri ilk andan öz ruhuna hopdurmuşdu.

Dəyərli yubilyar müsahibələrin birində ömür-gün yoldaşı haqqında xatirələrini bölüşərkən hələ orta məktəb skamyasından başlayaraq fasiləsiz davam edən peşəkarlığa yiyələnmə “yarışmasından” söhbət açır. Bildiyimiz kimi, Elxan müəllim kamil klarnet ifaçısı olmaqla yanaşı, həm də zəngin biliklərə malik musiqişünas idi. Bu baxımdan Həcər xanımla eyni peşə sahibləri olaraq mətbuatda, əsasən də “Qobustan” jurnalının səhifələrində publisistik mövzularla çıxışlar edirdilər. Əksər hallarda mətbu orqanın eyni nömrəsinin səhifələrində. Məsələn, “Qobustan” jurnalının 1972-ci il 1-ci nömrəsində ADK-nın (indiki BMA) yaranmasının 50 illik yubileyi ilə əlaqədar artıq məzun olmağa hazırlaşan Elxan Babayevin “Tələbə sorğu aparır” rubrikasında öz fikirlərini bölüşənlər arasında IV kurs tələbəsi Həcər xanım da vardı. Eynilə on il sonra, həmin jurnalın 1982-ci il 3-cü buraxılışında Elxan müəllim o illərdə Moskva Konservatoriyasının professoru, Azərbaycan və RSFSR-in Əməkdar artisti Məmməd Orucovla bağlı “Mahir qoboyçu” adlı məqalə-müsahibəsi ilə yanaşı, Həcər xanımın digər fenomen, pianoçu Namiq Sultanovla bağlı “Pianoyla keçən illər” yazısı yer alır. Məhz belə bir isti ailə aurasında həyata vəsiqə qazanan övladların formalaşması öz müsbət nəticəsini vermiş olur.

 

Söz övladlarındır

 

Aynur Elxan Nayır: “...Musiqişünas ailəsində böyümək və bu ab-havanı hiss etmək çox gözəl idi. Bizim evdə atamın və anamın böyük bir kitabxanası var. Burada müxtəlif müəlliflərin elmi kitabları, bəstəkarların bir çox əsərlərinin klavir və partituraları, qrammofon valları var idi. Mən və bacım hələ kiçik yaşlarımızdan həmin aləmin daimi üzvləri idik.

Atam Elxan müəllim olduqca qayğıkeş və mehriban insan, bizə və sevdiyi peşəsinə çox bağlı şəxsiyyət idi. Çox təəssüf ki, onun ömür yolu 54 ilə sığışdı. Amma qısa zaman kəsiyində yaşamasına baxmayaraq, gözəl övladlar, tələbələr və musiqi elminə dəyərli işlər qoyub getdi.

Anam Həcər xanımı ailəmizin qoruyucu mələyi adlandırardım. O, fədakar və olduqca kamil, zəkalı qadın, bütün həyatını ailəsinin formalaşmasına həsr edən insandır. Həm mərhum atamın, mənim və artıq professor Aytac Rəhimovanın, hətta xalam Zəhra xanımın mənəvi dayağı və məsləhətçisi anamdır”.

Aytac Rəhimova: “Anam çox fədakar qadındır. Hər zaman ailə üzvlərini çalışmağa, yeni zirvələr fəth etməyə ruhlandırırdı. Atamı itirəndə 28 yaşım vardı. Ailəlikçə çox ağır dönəmdən keçdik. Anam çox güclü qadın olaraq o zaman bizə ayaqda durmağa dəstək oldu. Atasız olmağımızı hiss etdirmirdi. Bacım və mən dissertasiya işlərimizi müdafiə etdik. Hər zaman demişəm, anamın dəstəyi olmasaydı bu gün mən etdiklərimi, qazandıqlarımı bəlkə bir on ildən sonra qazana bilərdim. Hər zaman, küçədə belə tələbələrini gördükdə onların anama qarşı sevgilərinin şahidi olmuşam...”.

 

Ən sonda...

 

Aytac xanımın sözünə qüvvət kimi Elxan müəllim və Həcər xanımın tələbələrindən biri Əməkdar artist Əziz Qarayusiflinin isti duyğularla zəngin xatirəsini burada bölüşmək yerinə düşər: “Bu gözəl ailə ilə biz bir binada qonşu idik. Mənim musiqiyə gəlişim, daha doğrusu, klarnet ifaçısı kimi yetişməyimdə Elxan müəllimin birbaşa iştirakı oldu. Mən onun ilk tələbəsi idim, üstəlik bizim təhsil çərçivəsində münasibətlərimiz musiqi məktəbinin ilk sinfindən başlayaraq konservatoriyanın son kursuna qədər olduqca məhsuldar yol keçdi. Təbiətcə sakit görünüşlü Elxan müəllim dərs prosesində çox ciddi, tələbkar pedaqoq idi. Həcər xanım isə əksinə, həyatda bir qədər ötkəm, səs-küylü olsa da, tələbələri, konkret mənimlə münasibətdə həlim xasiyyətli idi. Maraqlı təzaddır, elə deyilmi? Necə ki, Xəzri və Gilavarın qovuşması kimi. Amma sənətdə əldə etdiyim nailiyyətlərimə görə mən bu gözəl cütlüyə daima minnətdaram. Tanrıdan Elxan müəllimə daima rəhmət diləyir, əziz Həcər xanımı isə yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm”.

Klassik ədəbiyyatda pərvanənin şam ətrafında sonsuz dövr etməsi əsl sevginin simvollarından biri kimi qeyd olunur. Həcər xanım ziyası sərhədlərə sığmayan bir nur çeşməsi, paklıq mənbəyi kimi həmişə ətrafdakıları cəzb edən böyük qüvvəyə malikdir.

Ziya çırağınız daima gur yansın, Həcər xanım.

Yavər Neymətli
sənətşünaslıq üzrə fəlsəfə doktoru