Hacı Xanməmmədovun 105 illiyinə həsr olunan musiqi axşamı

 

Bu il görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun (1918-2005) anadan olmasının 105 illiyidir. Aprelin 17-də Beynəlxalq Muğam Mərkəzində (BMM) bəstəkarın yaradıcılığına həsr olunan musiqi axşamı keçirildi.

BMM-in solistləri – gənc muğam ifaçıları bəstəkarın dillər əzbəri olan mahnılarını yeni nəfəsdə səsləndirdilər.

Hacı Xanməmmədov hiss və duyğular bəstəkarı kimi xarakterizə olunur. Onun  peşəkar bəstəkar duyumu bütün mahnılarında hiss olunur. Yeni bir ahəng yaradan sənətkarın mahnılarında polifonik ritmlərdən məharətlə istifadə olunur. Bu da onun vaxtilə tar sənəti üzrə təhsil almasından irəli gəlir. Hacı Xanməmmədov mahnı yaradıcılığında Aşıq Ələsgər və Mikayıl Müşfiqin poeziyasına daha çox müraciət edib. Qəlbaçan, könül oxşayan mahnılarını vaxtilə korifey sənətkarlarımız Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Rübabə Muradova, Nəzakət Məmmədova və başqaları böyük şövqlə ifa ediblər.

Aşıq Ələsgərin sözlərinə “Telli”, “Güllü”, “Qadan alım”, “Ceyran”, “Getmə, amandı”, “Niyə döndü?”, M.Müşfiqin şeirlərinə “Yaşa, könül”, “Yadıma düşdü”, “Oxu, sevgilim”, “Sənin gözlərin”, “Qurban olduğum”, “Neyçün gəlmədin?”, “Arzuya bax, sevgilim” və s. mahnılar – ümumilikdə 100-dən çox nəğməsi hazırda tanınmış müğənnilərimizin repertuarında yer alır, dinləyicilərə xoş duyğular yaşadır.

Qeyd edək ki, Hacı Dadaş oğlu Xanməmmədov 15 iyun 1918-ci ildə Dərbənd şəhərində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərib. Bakıda təsadüf nəticəsində dahi bəstəkar Üzeyir Hacıbəyli ilə qarşılaşır. Bu görüş onun gələcək taleyini müəyyənləşdirir. Böyük musiqi xadiminin tövsiyəsi və himayəsi ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə daxil olur. Burada görkəmli bəstəkar Səid Rüstəmovdan dərs alır. Ü.Hacıbəylinin “Koroğlu” operası 1937-ci ildə Opera və Balet Teatrında tamaşaya qoyulanda bəstəkarın dəvəti ilə H.Xanməmmədov da simfonik orkestrdə solo tarda ifa edir.

Azərbaycan musiqi tarixində tar və simfonik orkestr üçün konsert, həmçinin kamança ilə simfonik orkestr üçün ilk konserti də H.Xanməmmədov yazıb.

Görkəmli sənətkar 1988-ci ildə “Xalq artisti” fəxri adına, 2000-ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Sənətə tarzən kimi gəlib musiqimizə sanballı əsərlər bəxş edən bəstəkar 7 aprel 2005-ci ildə vəfat edib.

L.Azəri